XRİTDX informasiya təhlükəsizliyi üzrə yeni kataloq hazırlayıb
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Təhdidlər və Həllər Kataloqu" hazırlayıb.
Operativ Media xəbər verir ki, bunu Dövlət Xidmətinin baş idarə rəisi Azər Əhədov qurumun təşkilatçılığı ilə keçirilən "İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, kataloq risklərin müəyyənləşdirilməsi, kateqoriyalar üzrə qruplaşdırılması, eləcə də müəyyən edilmiş informasiya təhlükəsizliyi risklərinin aradan qaldırılması yollarının mərkəzləşdirilmiş formada dövlət qurumlarına təqdim edilməsi üçün yaradılıb: "O, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində mövcud, potensial təhdidlərin sistemli təsnifatını təyin etməklə, dövlət qurumları üçün risklərin düzgün identifikasiyası və proqnozlaşdırılması baxımından mühüm praktiki alət olmaqla yanaşı, onların aradan qaldırılması istiqamətində həllər və tövsiyələr verən effektiv vasitəyə çevriləcək. Göstərilənləri nəzərə alaraq, biz bu platformanın texnoloji inkişafına paralel daima yenilənməsini xüsusi diqqətdə saxlayacağıq".
O bildirib ki, dövlət informasiya resurslarının qorunması, bu resurslarla bağlı risklərin vaxtında müəyyən edilməsi və sistemli şəkildə idarə olunması qarşıda duran əsas prioritetlərindəndir: "Bu baxımdan, informasiya təhlükəsizliyində risklər reyestrinin yaradılması, tətbiqi, eləcə də tətbiqlərin sistemli təsnifatı üzrə həyata keçirilən tədbirlər dövlət siyasətinin müəyyən etdiyi strateji istiqamətlərin praktiki icra mexanizmlərindən biri kimi çıxış edir. Risklərin identifikasiyası və təhdidlərin qarşılanmasının müəyyənləşdirilməsi, kateqoriyalaşdırılması və idarəetmə mexanizmlərinin qurulması üçün zəruri olan sənədlərin hazırlanması, razılaşdırılması və təsdiqi mərhələli şəkildə həyata keçirilir. Məhz bu sistemli hazırlıq mərhələsinin nəticəsi olaraq artıq praktik tətbiq mərhələsinə keçid təmin edilib".