Gürcüstanda yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbi qulluqçu həlak olub
Operativ Media
Gürcüstanın Kobuleti ətraf yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində Gürcüstan Müdafiə Qüvvələrinin iki hərbi qulluqçusu həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza səhər tezdən Kobuleti ətraf yolunda baş verib. İlkin məlumata görə, yük avtomobili ilə avtobus toqquşub.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi üzrə istintaq aparılır.
Yerli mətbuatın məlumatına görə, yük avtomobilinin sürücüsü xəsarət alıb və tibbi müəssisəyə yerləşdirilib. Yaralının Azərbaycan vətəndaşı olduğu bildirilir.