Qanunsuz miqrant daşımaqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb
Operativ Media
Yunanıstan Sahil Mühafizəsi Egey dənizində qanunsuz miqrant daşınmasında şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb.
Operativ Media-nın məlumatına görə, Yunanıstan mediası bildirir ki, 39 yaşlı Azərbaycan vətəndaşı Türkiyədən Lesbos adasına qayıqla 15 kişi, 4 qadın və 12 uşaq olmaqla ümumilikdə 31 nəfəri gətirib. Qeyd olunur ki, həmin şəxslər arasında üçüncü ölkə vətəndaşları da olub. Miqrantları adaya çatdırdıqdan sonra geri qayıdarkən o, Sahil Mühafizəsi əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata əsasən, son vaxtlar Türkiyədən Yunanıstana qanunsuz miqrant daşınması hallarına Azərbaycan vətəndaşlarının da cəlb edilməsi ilə bağlı faktlar vaxtaşırı qeydə alınır. Yunanıstanda insan alveri ilə məşğul olan və əsasən Türkiyədə fəaliyyət göstərdiyi iddia edilən beynəlxalq şəbəkələrlə əlaqədə şübhəli bilinən onlarla Azərbaycan vətəndaşı həbs olunub. Onların əksəriyyətinin 19–22 yaş aralığında gənclər olduğu bildirilir.
Fakt üzrə araşdırma aparılır.