Tramp: “Nüvə silahına imkan verməyəcəyik”
ABŞ Prezidenti Donald Trump Konqresdə etdiyi “Ölkənin vəziyyəti” çıxışında İrana qarşı mümkün hərbi addımların əsaslandırılmasına toxunub. O, bildirib ki, ABŞ “dünyanın ən böyük terror sponsoru” kimi xarakterizə etdiyi dövlətin nüvə silahı əldə etməsinə imkan verməyəcək.
Operativ Media-nın məlumatına görə, Tramp çıxışında Tehranın müxtəlif silahlı qruplara dəstək verdiyini, etiraz aksiyalarının zorakılıqla yatırıldığını, eləcə də raket və nüvə proqramlarının həm region, həm də ABŞ üçün ciddi təhlükə yaratdığını iddia edib.
ABŞ lideri İranı nüvə fəaliyyətini yenidən sürətləndirməkdə və yaxın perspektivdə ABŞ ərazisinə çata biləcək raket imkanları formalaşdırmaqda ittiham edib. O, həmçinin İranla nüvə proqramı üzrə yeni razılaşmanın əldə olunmamasından narazılığını ifadə edərək, rəsmi Tehranın nüvə silahı əldə etməyəcəyinə dair açıq və birmənalı öhdəlik vermədiyini vurğulayıb.
İran tərəfi isə nüvə proqramının yalnız mülki enerji məqsədlərinə xidmət etdiyini və hərbi xarakter daşımadığını bəyan edir.
Trampın çıxışı fonunda Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin sayının artırılması ilə bağlı məlumatlar da diqqət çəkir və mümkün qarşıdurma ssenariləri beynəlxalq müstəvidə müzakirə olunur.