Beynəlxalq səviyyədə hüquq ədəbiyyatlarına düşəcək məhkəmə prosesi - RƏY
Azərbaycan həm ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə, həm də xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri ədalət mühakiməsi qarşısına çıxarmaqla ədalətin bərpasına nail olub.
Operativ Media xəbər verir ki, bu barədə Millət vəkili, Siyasi elmlər doktoru Rizvan Nəbiyev açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu prosesdə qəti iradə və prinsipiallıq nümayiş etdirib, xalq qarşısında verdiyi sözə sadiq qalıb. Millət vəkili xatırladıb ki, dövlət başçısı hələ müharibədən əvvəl Xocalı soyqırımı və digər ağır cinayətləri törədən şəxslərin mütləq şəkildə ədalət mühakiməsinə cəlb olunacağını bəyan etmişdi.
R.Nəbiyev vurğulayıb ki, Azərbaycan müasir tarixdə nadir ölkələrdəndir ki, heç bir xarici yardım almadan, bütün təzyiqlərə baxmayaraq öz ərazi bütövlüyünü bərpa edib və eyni zamanda müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin məhkəməsini təmin edib. Onun fikrincə, bu, dövlətin öz gücü və qətiyyəti hesabına vətəndaşları üçün ədaləti təmin etdiyini göstərir.
Millət vəkili qeyd edib ki, məhkəmə prosesi ilə bağlı Azərbaycana qarşı xaricdən əsassız siyasi təzyiqlər mövcud olub, lakin bu amil Prezidentin qəti mövqeyinə təsir göstərməyib.
R.Nəbiyev bildirib ki, insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb olunması ədalətin təntənəsidir və münaqişələrin ədalətli həlli üçün ən məqbul modeldir. O, dünyada bir çox münaqişələrin cinayətkarlar cəzasız qaldığı üçün natamam həll edildiyini diqqətə çatdırıb.
Millət vəkili İsrailin faşist cinayətkarlarının sonradan tapılaraq mühakimə olunması təcrübəsini, eləcə də keçmiş Yuqoslaviyada beynəlxalq səylər nəticəsində müharibə cinayətkarlarının məhkəməyə çıxarılmasını misal çəkib.
Açıqlamada bildirilib ki, məhkəmə prosesində səslənən ifadələr və təqdim olunan faktlar Ermənistan hakimiyyətinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə rolunu və Ermənistan dövlətinin məsuliyyət daşıdığını təsdiqləyib. Açıq məhkəmədə faktiki dəlillər, zərərçəkmişlərin ifadələri və təqsirləndirilən şəxslərin etirafları işğala görə Ermənistan silahlı qüvvələrinin məsuliyyətini üzə çıxarıb.
R.Nəbiyev qeyd edib ki, Levon Mnatsakanyanın etirafları qondarma rejim ordusunun müstəqil olmadığını, Ermənistan ordusunun tərkib hissəsi kimi fəaliyyət göstərdiyini, yüksək vəzifələrə təyinatların İrəvanda təsdiqləndiyini göstərib. Məhkəmədə Arkadi Arutyunyanın hərbi xidmətdə olması, Bako Saakyanın Şuşanın işğalında iştirakı ilə bağlı faktların da yayıldığı bildirilib.
Millət vəkili vurğulayıb ki, məhkəmədən aydın olub: Ermənistan işğalçılıq siyasətini ört-basdır etmək üçün qondarma rejim yaradıb və həmin rejimin rəhbərləri Qarabağda bu siyasətin əsas icraçıları olublar. O, məhkəmə prosesindən əldə olunan maraqlı faktların, etirafların və ifadələrin ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edib.
