Xələf Xələfov Pakistan XİN rəhbəri ilə görüşüb - YENİLƏNİB
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu ölkədə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovu qəbul edib.
Ölkəmizin Pakistandakı səfirliyindən Operativ Media-ya bildiriblər ki, görüşlər zamanı iki ölkə arasındakı sarsılmaz dostluğa və qardaşlığa əsaslanan münasibətlərimizin dinamik inkişafının əhəmiyyəti vurğulanıb.
Strateji xarakter daşıyan ikitərəfli əlaqələrimizin Azərbaycan Prezidenti və Pakistanın Baş nazirinin liderliyi ilə yeni müstəviyə yüksəldiyi məmnunluqla ifadə olunub.
Qeyd olunub ki, son dövrlər qardaş ölkə liderləri tərəfindən həyata keçirilən intensiv qarşılıqlı səfərlər və müxtəlif platformalar çərçivəsində keçirilən görüşlər münasibətlərə yeni məzmun və keyfiyyət qazandırıb.
Görüşlərdə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib. Siyasi, müdafiə və təhlükəsizlik sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi, habelə iqtisadi-ticarət, investisiya, turizm, İT, süni intellekt, kənd təsərrüfatı, rabitə, mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsi ilə tərəfdaşlığın dərinləşməsi imkanları ətrafında müzakirələr aparılıb.
Görüşlərdə, həmçinin bütün regional və beynəlxalq platformalar çərçivəsində dost və qardaş ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusilə vurğulanıb.
Bununla yanaşı, tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələlər ətrafında, xüsusilə AQEM-in beynəlxalq təşkilata transformasiyası mövzusunda müzakirələr aparıb.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Azərbaycanın intellektual brendi olan "ASAN konsepsiyası" əsasında yaradılan və cari ilin yanvarın 14-də Pakistanın Baş nazirinin iştirakı ilə açılışı həyata keçirilən Pakistan “Asan xidməti” mərkəzini ziyarət edib, görülmüş işlərlə tanış olub.
18:28
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Pakistana səfər edib.
Operativ Media Pakistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, Xələf Xələfov Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.
Görüş zamanı Xələf Xələfov Azərbaycanın AQEM-ə (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) sədrliyi altında həyata keçirilən və gələcəkdə həyata keçiriləcək təşəbbüslər barədə İshaq Darı məlumatlandırıb.
Pakistan XİN rəhbəri ölkəsinin Azərbaycanın bu platformaya sədrliyini dəstəklədiyini və regional əməkdaşlığın gücləndirilməsi üçün göstərdiyi səylərə dəstəyini ifadə edib.
Tərəf qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün perspektivlər ətrafında fikir mübadiləsi aparıb.