ABŞ səfirliyi Bakıda keçirilən güləş üzrə U17 DÇ barədə paylaşım edib
ABŞ-nin Azərbaycandakı səfirliyi İctimai Diplomatiya üzrə müşavir Maykl Həkettin iştirakı ilə Azərbaycan Güləş Federasiyası və Amerika QHT-si "Sülh naminə Güləş" (Wrestling for Peace) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi, eləcə də Bakıda keçirilən U17 Güləş üzrə Dünya Çempionatı ilə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, diplomat iyulun 26-da təşkil olunan imzalama tədbirinə qatılıb. Sənəd dörd əsas istiqamət üzrə — idman diplomatiyası, mübadilə proqramları, humanitar tərəfdaşlıq, həmçinin uşaq və gənclər güləşinin inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsini ehtiva edir.
Səfirliyin məlumatında bildirilib ki, iyulun 27-dən avqustun 2-dək Bakıda təşkil olunan U17 Güləş üzrə Dünya Çempionatında Birləşmiş Ştatlar bütün yarış növlərində mübarizə aparacaq. ABŞ və Puerto Riko yığmalarının heyətində 30-dan çox idmançı qüvvəsini sınayacaq.
Həmçinin qeyd olunub ki, hər iki komandanın 2024-cü il Olimpiya Oyunlarındakı uğurları və Azərbaycanın son Avropa Çempionatındakı qələbəsi ABŞ və Azərbaycanın beynəlxalq güləş aləmində aparıcı mövqeyə sahib olduğunu göstərir.