Mingəçevirdə “Sağlamlığa Doğru Qaç!” adlı növbəti mərhələ yarışı keçirilib - FOTO
6 Aprel tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, təşkilatçılığı və eyni zamanda Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun təşkilatçılığı ilə Mingəçevir şəhərində səhiyyə işçiləri və Tibb kollecinin tələbələrinin iştirakı ilə “Sağlamlığa Doğru Qaç!” adlı növbəti mərhələ yarışı keçirilib.
Operativ Media xəbər verir ki, ilkin olaraq ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq böyük ehtiramla yad edildi.
Aparıcı Toğrul Səfərov yarış iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yarışın əsas məqsədi- 17 iyun – Tibb İşçilərinin Peşə Bayramına həsr edilən “Sağlamlığa Doğru Qaç!” layihəsi tibb işçilərinin fiziki sağlamlığını təşviq etməyi, asudə vaxtlarını səmərəli keçirməyi, həmkarlar arasında birliyi gücləndirməyi və yeni dostluqlar qurmağı hədəflədiyi barədə tədbir iştirakçılarına məlumat verildi.
Yarışda Mingəçevir şəhəri ilə yanaşı Ağdaş, Ucar, Yevlax, Goranboy və Göyçay rayonlarından olan səhiyyə işçiləri də iştirak etdi. 5 km məsafəni uğurla qət edən qadın və kişi iştirakçılar arasında ilk üçlükdə yer alan qaliblərə diplomlar və hədiyyələr təqdim olundu.
Tədbirin bədii hissəsində Mingəçevir Tibb Kollecinin tələbəsinin təqdim etdiyi milli rəqs alqışlarla qarşılandı.
Tədbirdə qonaqlar və iştirakçılara çay süfrəsi təqdim edildi.
“Sağlamlığa Doğru Qaç!” layihəsi bir daha sübut etdi ki, idman sağlamlığın təməlidir, birliyimizin isə güzgüsüdür!