Dini tolerantlığın Azərbaycan modeli Almaniyada maraq doğurub
Dini tolerantlığın Azərbaycan modeli Almaniyada maraq doğurub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycana səfər etmiş Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin nümayəndə heyətinin üzvü, Xristian Demokratlar İttifaqından (CDU) olan siyasətçi, Bundestaq üzvü, Armin Laşet X sosial şəbəkəsində müvafiq fotolar paylaşmaqla da çox müsbət məzmunlu post yayıb:
“Azərbaycanda yəhudilər, xristianlar və müsəlmanların heyranlıq doğuran birgə həyatı mövcuddur. Federal Prezident Ştaynmayerlə söhbətdə Baş ravvin bizə bildirdi ki, əksəriyyəti şiə müsəlmanları olan ölkədə hətta 7 oktyabr hadisələrindən sonra belə hər hansı antisemit insident qeydə alınmayıb”.
Mövzu ilə bağlı Operativ Media-ya açıqlama verən Berlin Azad Universitetində siyasi elmlər üzrə doktorluq elmi dərəcəsi almış, Milli Məclisin üzvü Rizvan Nəbiyev bildirib ki, Almaniya ictimaiyyəti, siyasi dairələr, elm nümayəndələri, KİV təmsilçiləri Azərbaycandakı dini tolerantlığın, ümumiyyətlə tolerantlığın Azərbaycan modelinə həmişə maraq göstəriblər:
"Ölkəmizdə dini icmaların birgə dinc yaşaması düsturu, əsrlərlə qazandığımız təcrübə həmişə rəğbətlə qarşılanıb, ölkədəki müxtəlif dini icmaların birgə yaşaması və tolerantlıq təcrübəsini öyrənməkdə maraqlı olublar. Məqsəd, bu modeli Almaniyada da araşdırmaq və öryənmək, eləcə də ölkələr arasında dini dözümlülük sahəsində əməkdaşlığı gücləndirmək olmuşdur".
Uzun illər Almaniyada diplomatik xidmətdə olmuş deputat onu da əlavə etmişdir ki, bunlara baxmayaraq, bu uğurlu təcrübəyə belə həsəd aparıb ləkə salmaq istəyənlər də, həmişə olub və bu gün də qalmaqdadır.
Deputat qeyd edib ki, Armin Laşet xristian dini dəyərlərini öndə saxlayan Xristan Demokart İttifaqı və Xristian Sosial İttifaqının 2021-ci ildə Federal kansler postuna federal seçkilərdə namizədi olub. Hazırda isə bundestaqın üzvü və Avropa Şurası Parlament Assambleyasının vitse-prezidentidir.
"Ümid edək və arzulayırıq ki, Armin Laşet kimi nüfuzlu siyasətçi Strasburqda AŞPA iclaslarında ölkəmizdə yaşadıqları və əksər Avropa dövlətlərində olmayan tolerantlıq təcrübəsi barədə çıxışlar edəcək, həmkarlarına da bu modelin öyrənilərək Avropada da tətbiqi zərurəti barədə danışacaq”.
