Bakıda qeydiyyatsız taksi fəaliyyəti göstərənlər cərimələnir? -FOTO
Nərmin Qocamanlı
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Bakıda taksi sayının çox olması ilə bağlı açıqlama vermişdi.
“Operativ Media” xəbər verir ki, nazir müavini açıqlamasında bildirmişdi ki, taksilərin sayı üç dəfə azalacaq. Taksi sayı60 mindən 20 minə qədər azaldılacaq.
Artıq dünəndən sosial şəbəkələrdə taksilərlə bağlı reydlərin keçirildiyi bildirilir. Sürücülər İnzibati Xətalar Məcəlləsinin 324.2 ci maddəsi ilə cərimə edilirlər.
Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qayda pozuntusunun cərimə məbləği 50 manatdır.
Qeyd edək ki, qanunvericiliyə əsasən taksi sürücüləri ilə yanaşı, həmin sürücünü işçi kimi qəbul edən şirkətləri də cərimələr gözləyir.
Belə ki, İXM-in 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.
Sürücülər cərimələnsə də, taksi şirkətlərinin cərimələnməsi ilə bağlı məlumat yoxdur.