Skandinaviya ölkələri Ukrayna ilə təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlayacaq
"Skandinaviya ölkələri Ukrayna ilə uzunmüddətli təhlükəsizlik öhdəlikləri üzrə danışıqlara başlamağa razılaşıblar".
"Operativ Media" xəbər verir ki, bu barədə Osloda Ukrayna-Şimali Avropa sammitinin yekunlarına dair birgə bəyanatda deyilir.
İclasda Ukraynadan başqa, Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveç iştirak edib.
"Şimal ölkələri 2023-cü il iyulun 12-də G7 liderlərinin Ukraynaya dəstək haqqında birgə bəyannaməsini dəstəklədiklərini təsdiqləyirlər və G7 müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiyada rəsmiləşdiriləcək təhlükəsizlik öhdəlikləri üzrə Ukrayna ilə ikitərəfli danışıqlara başlamağa razılaşırlar", - deyə Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi bildirib.
Bundan əvvəl Zelenski Ukrayna və İsveç nümayəndələrinin Kiyevə təhlükəsizlik zəmanəti vermək üçün işə başladığını bildirmişdi.