Bruno Lanqa: Sanki "Qarabağ"da özümə ikinci ailə tapmışam
Sanki burada özümə ikinci ailə tapmışam.
Operativ Media xəbər verirki, bunu "Qarabağ"ın yeni transferi Bruno Lanqa "Vestri" ilə keçirilən matçdan sonra "CBC Sport" kanalına açıqlamasında deyib.
Qazanılan qələbəni şərh edən futbolçu qarşılaşmaya ciddi hazırlaşdıqlarını və bunun bəhrəsini gördüklərini bildirib:
"Qələbə qazandığımız üçün çox məmnunam. Xüsusilə də son günlər ərzində oyuna necə hazırlaşmışdıqsa, nələr planlaşdırmışdıqsa, hər birini meydanda nümayiş etdirə bildik. Bunun da nəticəsi olaraq rəqib qapısından 3 qol keçirdik. İndi isə diqqətimizi cavab oyununa yönəltməli və ona hazırlaşmalıyıq".
Yeni komandasındakı ab-havadan söz açan Lanqa, qısa müddət olmasına baxmayaraq, özünü çox rahat hiss etdiyini vurğulayıb:
"Qeyd etməliyəm ki, məni burada çox yaxşı qarşıladılar. Bu qısa müddətə baxmayaraq, özümü doğma evimdəki kimi hiss edirəm. Düzdür, ailəm hələ bura gəlməyib, amma sanki burada özümə ikinci ailə tapmışam. Hər şey ürəyimcədir".
Mozambikli müdafiəçi Ağdam təmsilçisi ilə bağlı əsas məqsədini də açıqlayıb:
"Komanda ilə birgə əsas hədəfim yeni titullar qazanmaq və böyük uğurlara imza atmaqdır".