Fransanın Bakıya hansı mənəvi və siyasi əsasla “humanitar çağırışlar” etməyə haqqı var? - ŞƏRH
Prezident İlham Əliyev İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib ki, bu gün Azərbaycan və Ermənistan arasında sülh reallıq təşkil edir.
Azərbaycanın Ermənistana 12 min ton neft məhsulları ixrac etdiyini deyən Prezident həmçinin bildirib ki, Azərbaycan öz ərazisi vasitəsilə 28 min ton yükün Ermənistana tranzitini təmin edib. Azərbaycan Prezidenti Avropa Parlamentini sülhü pozmağa yönəlik fəaliyyətinə görə tənqid edib. Ancaq görünən budur ki, sülhü pozmağa yönəlik fəaliyyət təkcə Avropa Parlamentindən gəlmir. Fransa prezidenti Emmanuel Makron İrəvana səfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyev ilə danışacağını açıqlayıb.
Makron açıqlamasında Bakıda saxlanılan “erməni əsirləri” məsələsini də gündəmə gətirəcəyini bildirib. Fransa prezidentinin sözlərinə görə, regiondakı vəziyyət və “humanitar məsələlər” müzakirələrin əsas mövzularından biri olacaq.
Operativ Media bildirir ki, rəsmi Parisin son illərdə Azərbaycana qarşı sərgilədiyi mövqe fonunda bu açıqlama Bakıda və Azərbaycan ictimai rəyində ciddi suallar doğurur. Çünki Fransa uzun illər ATƏT-in Minsk Qrupunun həmsədri statusunu daşımasına baxmayaraq, vasitəçi neytrallığını qorumaq əvəzinə açıq şəkildə Ermənistanın yanında yer aldı. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə Makron administrasiyası Azərbaycana qarşı ardıcıl ittihamlar səsləndirdi, Avropa platformalarında anti-Azərbaycan kampaniyalarının önündə getdi. Fransa Senatı və Milli Assambleyasında qəbul olunan birtərəfli qətnamələr, Qarabağdakı separatçı rejimə açıq simpatiya nümayiş etdirilməsi, Ermənistanın silahlandırılması istiqamətində atılan addımlar Bakıda Fransaya münasibəti ciddi şəkildə dəyişdi. Azərbaycan cəmiyyətində formalaşan ümumi qənaət budur ki, Fransa heç bir zaman neytral vasitəçi olmayıb, həmişə regionda Ermənistanın əsas siyasi tərəfdaşlarından biri olub. Bu səbəbdən də Makronun indi “humanitar gündəm” adı altında Bakıya mesaj verməsi Musavat.com tərəfindən siyasi riyakarlıq kimi qiymətləndirilir.
Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində saxlanılan şəxslər “əsir” deyil, konkret cinayət və terror fəaliyyəti ittihamları ilə məsuliyyətə cəlb olunan şəxslərdir. Azərbaycan tərəfi hesab edir ki, bu məsələyə xarici müdaxilə cəhdləri ölkənin suveren hüquqlarına təzyiq kimi qəbul olunur.
Bütün bunların fonunda əsas sual dəyişməz qalır: illərlə Azərbaycana qarşı qərəzli siyasət yürüdən, işğalçı Ermənistanın mövqeyini müdafiə edən Fransanın Bakıya hansı mənəvi və siyasi əsasla “humanitar çağırışlar” etməyə haqqı var?
Azərbaycana qarşı separatçılarla bağlı Avropa Paramenti və Aİ üzvü olan bəzi paytaxtlar tərəfindən başladılan təzyiqlərin davam etdiyi bir məqamda Makronun da bu mövzudan bəhs etməsi qıcıq yaradır. Rəsmi Bakı cinayətkarlarla bağlı ədalətli məhkəmənin qərar çıxartdığını dəfələrlə bəyan edib. Görünən budur ki, Emmanuel Makron Ermənistan rəhbərliyinin bu mövzuda müzakirələrin ona uğur gətirməyəcəyini anlamasını belə nəzərə almır. Ermənidən çox erməni olan bir prezidentin yenidən separatçılardan bəhs etməsi qaşınmayan yerdən qan çıxartmaq deməkdir. Azərbaycan və Ermənistan arasında sülh prosesi davam edir və layiqli cəzalarını almış şəxslərlə bağlı diskussiya açmaq anormallıq olmaqla yanaşı, prosesi pozmağa yönəlib.
Maraqlıdır, Makronun bu diskussiyanı açmaqda məqsədi nədir? O, Azərbaycan Prezidentindən konkret kimlərin xahişini edə bilər?
Deputat Rizvan Nəbiyev açıqlamasında bildirib ki, Azərbaycanda erməniəsilli hərbi əsir yoxdur:
“Avropa Parlamentinin, Fransa prezidentinin, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının, həmçinin bəzi əcnəbi saytların “hərbi əsir” iddiası ilə təqdim etməyə çalışdığı şəxslər konkret cinayət əməllərinə görə mühakimə olunmuş şəxslərdir. Bu şəxslər müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, soyqırımı, terrorizm, terrorizmin maliyyələşdirilməsi, qanunsuz hərbi birləşmələrin yaradılması və saxlanılması, hakimiyyətin qanunsuz ələ keçirilməsi, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin digər ağır maddələri üzrə ittiham olunublar. Xüsusilə müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər universal yurisdiksiyanın tətbiq dairəsinə düşdüyündən beynəlxalq birliyin hər bir üzvü dövlət bu cinayətlərdə təqsirli bilinənlərin ədalət mühakiməsi qarşısına çıxarılması məsuliyyətini daşıyır. Barələrində məhkəmə hökmü çıxarılmış bir qism şəxsin ətrafında hər hansı siyasi şounun yaradılması, hazırda Azərbaycanla Ermənistan arasında gedən normallaşma prosesinə ziyan vurur. Çünki bu məsələnin alətə çevrilməsi həmin siyasi qüvvələrin, yəni bu mövzudan özlərinə siyasi PR qazananların maraqlarına xidmət edir. Hələ istintaq prosesi gedərkən belə onları dəstəkləyən bir qrup şəxs, “insan hüquqları müdafiəçiləri”, hətta Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının Qanunsuz həbslərlə bağlı işçi qrupuna müraciət ünvanlamışdılar. Amma BMT səviyyəsində işçi qrup qaldırılan bütün iddiaları rədd edərək bildirmişdi ki, bu şəxslərin saxlanılması və istintaq şəraiti beynəlxalq standartlara uyğundur. Deməli, məsələnin legitimliyi BMT-nin müvafiq orqanı tərəfindən də sual altına alınmayıb”.
R.Nəbiyev əlavə edib ki, belə bir şəraitdə çıxarılan məhkəmə qərarının kimlərinsə tərəfindən müzakirə mövzusu edilməsi yolverilməzdir. Hər hansı dövlət başçısının bu tip müraciətlə çıxış etməsi də başa düşülən deyil:
“Azərbaycan Prezidenti siyasi dialoqa, konstruktiv müzakirələrə həmişə açıq olub, onun keçirdiyi çoxsaylı görüşlər bunu birmənalı şəkildə sübut edir. Bu tip məsələlər isə Azərbaycan qanunvericiliyi ilə tənzimlənir və Azərbaycan Prezidenti “France 24” kanalına verdiyi müsahibədə yerində bir müqayisə apararaq bildirib ki, bu şəxslərin azad olunmasını tələb etmək vaxtilə İkinci Dünya müharibəsindən sonra mühakimə olunmuş nasist cinayətkarlarının azad edilməsini tələb etməyə bərabərdir. Bu müqayisə bu gün də aktualdır, ona görə də Fransa prezidentinin bu tip çağırışları regionda aparılan sülh təşəbbüslərinə və dövlətlər arasında normallaşma prosesinə ziyan vurur, revanşist qüvvələrin maraqlarına xidmət edir və təbii ki, qəbuledilən yanaşma deyil”.
