Gecikməsi olanlar yenidən kredit götürə bilər?
Operativ Media
Əvvəllər kredit ödənişlərində problem yaşayan şəxslərə banklar çox vaxt kredit vermirlər. Kredit təqdim olunmazdan əvvəl vətəndaşın kredit tarixçəsi yoxlanılır ki, onun əvvəlki ödəniş davranışı müəyyən edilsin. Əgər mənfi hallar aşkar olunarsa, bank kredit verməkdən imtina edir.
Bəs “qara siyahı” kimi tanınan kredit tarixçəsi nədir və bu məlumat nə qədər müddət qüvvədə qalır?
Operativ Media xəbər verir ki, mövzu ilə bağlı "Günə Doğru"ya danışan bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənovün sözlərinə görə, banklardan, bank olmayan kredit təşkilatlarından və hətta bəzi ticarət şəbəkələrindən kreditlə alış-veriş edildikdə bu məlumatlar Kredit Bürosuna ötürülür. Buna görə də istənilən gecikmə və ya öhdəlik pozuntusu sistemdə əks olunur.
Bu anlayış vətəndaşın Kredit Bürosundakı kredit tarixçəsini ifadə edir və burada olan məlumatlar təxminən 10 il ərzində sistemdə saxlanılır. Hətta bir günlük gecikmə belə qeydə alınır və tarixçədə görünür”.
Bəs qara siyahıya düşən şəxslər yenidən kredit ala bilərlərmi?
İqtisadçı Xalid Kərimli bildirib ki, bunun üçün müəyyən müddət keçməli, şəxs maliyyə vəziyyətini yaxşılaşdırdığını və ödəniş intizamını bərpa etdiyini sübut etməlidir. Stabil gəlir, iş yeri və düzgün kredit davranışı bankların etimadını yenidən qazanmağa imkan yaradır.
Yəni qara siyahıda olmaq kredit imkanının tamamilə itirilməsi demək deyil. Banklar hər müraciəti ayrıca qiymətləndirir, risk dəyərləndirməsi aparır və mövcud vəziyyətə əsasən qərar verir. Şərait düzəldikdə və risk azaldıqda, kredit verilməsi yenidən mümkün ola bilər”.
İqtisadçı Eldəniz Əmirov isə qeyd edib ki, bəzi hallarda kredit ödənişində yaranan problemlər şəxsin öz iradəsindən asılı olmur:
“Müxtəlif səbəblər, fors-major vəziyyətlər və gözlənilməz çətinliklər borcun vaxtında ödənilməsinə mane ola bilər. Belə hallarda həmin şəxsin sonradan ödəniş imkanları bərpa olunarsa, müəyyən müddət keçdikdən sonra o, yenidən kredit üçün müraciət edə bilər.
Kredit tarixçəsinin yaxşılaşdırılması və öhdəliklərin vaxtında yerinə yetirilməsi bankların etimadını yenidən qazanmağa imkan yaradır”.