Daha bir qrup qazi reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub
Reabilitasiya xidmətləri ilə təmin edilən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən bu günlərdə daha bir qrupunun artıq əlillik vəziyyətini geridə qoyaraq tam reabilitasiya olunduqları müəyyən edilib.
Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə keçirilən görüşdə bildirilib.
Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov qeyd edib ki, Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra effektiv reabilitasiya tədbirləri nəticəsində tam reabilitasiya olunmaqla əvvəlki sağlamlığına qovuşan qazilərin sayı artıq 276-ya çatıb.
O, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən reabilitasiyası xidmətləri barədə məlumat verib. Bildirib ki, qurumun müəssisələrində tətbiq edilən səmərəli reabilitasiya üsulları bu kateqoriyadan olan vətəndaşların səhhətində müsbət dönüş yaradır.
Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Cuma Nəbiyev müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə tam reabilitasiya olunan qazilərimizin məşğulluğunun təmin olunması üçün icra olunan proqramlar barədə məlumat verib.
Postmüharibə dövründə Agentlik tərəfindən şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 30 minə yaxın şəxsin məşğulluğunun təmin edildiyi bildirilib. Həmçinin, onlardan 13,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının qurulduğu diqqətə çatdırılıb.
Müharibə iştirakçıları sosial dəstək tədbirlərindən, o cümlədən reabilitasiya və xidmətləri və vasitələri ilə təmin edilmələri, əmək bazarına çıxış imkanlarına malik olmaları istiqamətində aparılan işlərdən razılıqlarını ifadə ediblər.
Görüşdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların sosial dəstək tədbirləri, reabilitasiya xidmətləri ilə əhatə olunmaları sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.