Menyu

Şəfəq GES-də ilk günəş paneli quraşdırılıb

Operativ Media
Şəfəq GES-də ilk günəş paneli quraşdırılıb

Cəbrayıl rayonunda yerləşən Şəfəq Günəş Elektrik Stansiyası layihəsi sahəsində günəş panellərinin quraşdırılmasına başlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə bp məlumat yayıb.

Məlumata görə, ilk günəş panelinin bu ayın əvvəlində quraşdırılıb. Layihə üzrə tikinti işləri qrafikə uyğun həyata keçirilir.

“Layihə üzrə aparılan tikinti işlərində bu mühüm mərhələnin başlanmasından çox məmnunuq. Tərəfdaşlarımızla birlikdə əsas diqqətimizi layihənin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə yönəltməklə tikinti işlərini əminliklə irəli aparırıq. İnanırıq ki, bu mühüm layihə bərpaolunan elektrik enerjisinin istehsalı sahəsini və regiondakı əməliyyatlarımızın karbonsuzlaşdırılmasını dəstəkləməklə Azərbaycanın enerji keçidi səylərinə töhfə verəcək”, - deyə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti Nadir İmanov vurğulayıb.

Şəfəq Günəş Elektrik Stansiyası layihəsinin tikinti işləri ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların təxminən 30 faizi artıq quraşdırılıb.

Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir - işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir. Hazırda layihəyə təxminən 350 nəfər yerli işçi cəlb olunub ki, bunlardan 123-ü işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir.

Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa edilən bu 240 MVt gücündə stansiyanın ildə təxminən 500 QVt/saat bərpaolunan enerji istehsal edəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər