"Mundo Deportivo": "Barselona" Flikin müqaviləsini uzatmaq istəyir
"Barselona" baş məşqçi Hans-Diter Fliklə müqaviləni yeniləməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Bildirilir ki, 61 yaşlı alman mütəxəssisin hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Klub rəhbərliyi müqavilə müddətini 2028-ci ilə qədər uzatmaq və bura daha bir mövsümlük əlavə seçim imkanı daxil etmək niyyətindədir.
Tərəflər arasında artıq şifahi razılıq əldə olunsa da, Flik hazırkı dövrün yeni müqavilə imzalamaq üçün əlverişli məqam olmadığını hesab edir.
Flik 2024-cü ildən "Barselona"ya rəhbərlik edir. Onun rəhbərliyi altında kataloniyalılar 2024/25 mövsümündə həm La Liqanın, həm də İspaniya Kubokunun qalibi olublar. Komanda həmçinin 2025 və 2026-cı illərdə ölkə Superkubokunu qazanıb.
Cari mövsümdə "Barselona" 31 turdan sonra topladığı 79 xalla La Liqada liderlik edir və ən yaxın izləyicisi "Real"ı 9 xal qabaqlayır. Çempionlar Liqasında isə Flikin komandası 1/4 final mərhələsində "Atletiko"ya uduzaraq (0:2, 2:1) turnirlə vidalaşıb.