Finlandiya Hərbi Hava Qüvvələri F-35 qırıcı təyyarəsinin ilk uçuşunu həyata keçirib
Finlandiya Hərbi Hava Qüvvələri fin pilotları üçün təlim proqramı çərçivəsində Amerikanın F-35A Lightning II qırıcı təyyarəsində ilk uçuşunu həyata keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Agentliyin məlumatına görə, uçuş aprelin 15-də Arkanzasdakı Ebbing Hərbi Hava Qüvvələri bazasından həyata keçirilib. Təlim proqramında ümumilikdə 150 fin pilot iştirak edib. Ebbingdə hazırda Finlandiya Hərbi Hava Qüvvələrinin təlimi üçün nəzərdə tutulmuş səkkiz qırıcı təyyarə yerləşir.
2022-ci ildə Finlandiya Amerikanın Lockheed Martin şirkəti ilə F-35A Lightning II çoxməqsədli qırıcı təyyarələrinin alınması ilə bağlı müqavilə imzalayıb. Bildirilib ki, ümumilikdə 64 təyyarə alınacaq.
Finlandiya Hərbi Hava Qüvvələri qeyd edib ki, Finlandiyaya qırıcı təyyarələrin tədarükü bu payızda başlayacaq. F-35-lər 2028-ci ilə qədər Laplandiya Hava Komandanlığına, növbəti il isə Kareliya Hava Komandanlığına təhvil veriləcək. Tam əməliyyat qabiliyyətinin 2030-cu ilin sonuna qədər əldə edilməsi gözlənilir.