"Qırmızı Xaç" İrana 171 ton humanitar yardım göndərib
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) İrana 171 tonluq ilkin tələbat malları göndərib.
Operativ Media xəbər verir ki, bu haqda təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yardım yükü daşıyan ilk beş avtomobil aprelin 13-də mənzil başına çatıb.
BQXK-nın məlumatına əsasən, təşkilat İordaniyadakı anbarından təxminən 25 min insanın ehtiyaclarını ödəmək üçün 14 yük avtomobilindən ibarət yardım karvanı yola salıb. Bildirilib ki, yardım paketinə yorğanlar, kanistrlər, mətbəx dəstləri, brezentlər, gigiyenik dəstlər, günəş enerjisi ilə işləyən çıraqlar, vedrələr və döşəklər daxildir.
Qeyd olunur ki, bu, "hərbi əməliyyatların sonuncu dəfə kəskinləşməsindən bəri BQXK-nın İrana ilk tədarükü və son altı həftə ərzində ölkəyə həyata keçirilən ilk transsərhəd humanitar yardımlardan biridir". Qalan doqquz yük maşınının isə bu həftənin sonuna qədər İslam Respublikasına çatacağı planlaşdırılır.