İranın Pakistandakı səfiri: "İslamabad danışıqları diplomatik prosesin əsasını qoydu"
İranın Pakistandakı səfiri Rza Amiri Moqadam ABŞ və İran arasında İslamabadda keçirilən danışıqların ayrı-ayrı hadisələr deyil, hər iki tərəfin xeyrinə ola biləcək gələcək diplomatik prosesin bünövrəsi olduğunu bildirib.
Operativ Media xəbər verir ki, səfir "X" sosial şəbəkəsindəki hesabında qeyd edib ki, İslamabad danışıqları diplomatik proses üçün zəmin yaradıb. Onun sözlərinə görə, qarşılıqlı etimad gücləndirilərsə və siyasi iradə nümayiş etdirilərsə, bu proses bütün tərəflərin maraqlarının nəzərə alınması üçün davamlı əsas yarada bilər.
Xatırladaq ki, aprelin 11-də İslamabadda İran və ABŞ arasında bir neçə raunddan ibarət danışıqlar keçirilib. İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqer Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib.
Tehran və Vaşinqtonun rəsmi məlumatlarına görə, mövcud ziddiyyətlər səbəbindən tərəflər münaqişənin uzunmüddətli həlli məsələsində hələlik razılığa gələ bilməyiblər. Danışıqların növbəti mərhələsinin vaxtı və detalları barədə məlumat verilmir.