Menyu

Kredit gecikməsinə görə maaş kartından nə qədər pul tutula bilər? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Kredit gecikməsinə görə maaş kartından nə qədər pul tutula bilər? - AÇIQLAMA

Son illərdə kredit götürənlərin sayı sürətlə artır və bu da öz növbəsində gecikmələr və ödəniş problemlərininin çoxalmasına gətirib çıxarır.

Bir çox insanı narahat edən əsas suallardan biri isə budur: kredit ödənilmədiyi halda maaş kartından pul tutulması mümkündürmü? Əgər mümkündürsə, bu hansı hallarda baş verir və tutulma məbləği nə qədər ola bilər? 

Mövzu ilə bağlı Operativ Media-ya bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov danışıb.

O bildirib ki, qanunvericiliyə görə, əgər məhkəmə qərarı varsa, şəxsin borcuna görə onun aylıq gəlirinin müəyyən hissəsi tutulur:

“Adətən bu məbləğ maaşın 50%-ni keçmir. Əgər aliment öhdəliyi də varsa, tutulma məbləği 70%-ə qədər arta bilər.

Lakin praktikada fərqli bir vəziyyət də mövcuddur. Əgər şəxsin maaş kartı kredit götürdüyü bankdadırsa, bank adətən əvvəlcədən müqaviləyə belə bir şərt daxil edir ki, kredit ödənilmədiyi halda borc birbaşa kartdan tutulacaq. Bu halda tutulma məhdudiyyətsiz - yəni 100%-ə qədər ola bilər. Çünki şəxs buna əvvəlcədən razılıq vermiş sayılır.

Bununla belə, vətəndaşın hüquqları da var. O, işəgötürənə müraciət edərək maaşının başqa bank hesabına köçürülməsini tələb edə bilər. Əmək qanunvericiliyinə əsasən, işəgötürən bu tələbi nəzərə almalıdır. Eyni zamanda şəxs mövcud maaş kartının olduğu banka müraciət edib həmin hesabın bağlanmasını da tələb edə bilər və bank bunu etməlidir.

Əgər maaş artıq həmin banka daxil olmursa, bankın birbaşa vəsaiti tutmaq imkanı məhdudlaşır. Bu halda bank yalnız məhkəməyə müraciət etməklə borcun tutulmasına nail ola bilər və yenə də qanunda nəzərdə tutulan həddlər tətbiq olunur.

Ancaq təəssüf ki, bəzi hallarda bu hüquqlar praktikada tam şəkildə təmin olunmur. İşəgötürənlərin və bankların vətəndaşın müraciətlərinə məhəl qoymaması kimi hallar da müşahidə olunur ki, bu da qanun pozuntusu və özbaşınalıq kimi qiymətləndirilə bilər”.

Əlaqəli Xəbərlər