Əli Əsədov: Son 7 ildə 4 milyon insanı əhatə edən sosial islahatlar həyata keçirilib
2025-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması üçün sosial siyasət tədbirləri davam etdirilib.
Operativ Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Baş nazir bildirib ki, əhalinin real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. 2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib.
Ə.Əsədov qeyd edib ki, 2025-ci il dövlət büdcəsi xərclərinin 39,5 faizi və ya 15,3 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilib ki, bu məqsədlərə təqribən 8 milyard manat məbləğində vəsait sərf edilib. Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.