Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərinin ötənilki maliyyə nəticələri müzakirə olunub - FOTO
Bu gün Baş nazir, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının (MŞ) sədri Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.
Operativ Media Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasda Holdinqin idarəetməsində olan portfel şirkətlərin 2025-ci ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas fəaliyyət göstəriciləri və maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin inkişaf perspektivlərinə ümumi baxış, dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların AİH-in portfel şirkətlərinə tətbiqi barədə və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə AİH-in Baş icraçı direktoru Ruslan Əlixanovun geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair Holdinqin MŞ-nın üzvləri, İdarə Heyətinin sədri və iclasa dəvət olunan kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış ediblər.
İclasın yekununda MŞ-nın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.