Menyu

Tikinti bazarında qiymətlər necədir? - VİDEO

Ayşən Sadıxzadə
Tikinti bazarında qiymətlər necədir? - VİDEO

Son zamanlar tikinti materialları bazarında durğunluq müşahidə olunur. Bildirilir ki, idxal edilən bəzi materialların qiyməti artıb, xüsusilə də İrandan gətirilən tikinti mallarında bahalaşma ilə bağlı iddialar səslənir. Bəs bazarlarda vəziyyət necədir?

Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, satıcılar deyilənlərin əksini bildirirlər.

Onların sözlərinə görə, hazırda qiymətlərdə ciddi artım müşahidə olunmur.

Satıcıların dediyinə görə, son 15–20 gündə İrandan yeni məhsul gətirilməsində müəyyən çətinliklər yaranıb. Buna baxmayaraq, hazırda satışda olan malların qiyməti əvvəlki kimi qalır.

Onların sözlərinə görə, qırmızı kərpiclərin biri təxminən 34 qəpiyə təklif olunur. Digər növ kərpiclər isə 1 manat 30–40 qəpik civarındadır və bunlar əsasən İran istehsalıdır. Satıcılar bildirirlər ki, bu məhsulların qiyməti hələlik stabil olaraq qalır və bahalaşma müşahidə edilmir.

Qeyd olunur ki, əvvəllər gətirilmiş mallar hələ də bazarda satılır və satıcılar onların qiymətini qaldırmağa tələsmirlər. Məqsəd isə mövcud məhsulları sataraq dövriyyəni təmin etməkdir. Lakin yeni məhsulların gətirilməsi ilə bağlı çətinliklər yaranarsa, başqa bazarlardan alınan malların qiyməti daha yüksək ola bilər.

Satıcılar qiymətlərin artmamasının əsas səbəblərindən biri kimi alıcı qıtlığını göstərirlər. Onların sözlərinə görə, hazırda bazarda alıcılıq zəifdir və bu səbəbdən satıcılar malları ucuz qiymətə təklif etməyə məcbur qalırlar.

Bildirilir ki, qış mövsümü ilə əlaqədar tikinti sektorunda ümumilikdə durğunluq yaşanır. Bu səbəbdən də alver çox zəifdir və bəzi satıcıların sözlərinə görə, hazırda satış demək olar ki, sıfıra yaxındır.

Bununla belə, satıcılar qarşıdakı aylarda tikinti mövsümünün aktivləşməsi ilə həm alıcılığın artacağını, həm də qiymətlərdə müəyyən dəyişikliklərin mümkün olduğunu istisna etmirlər.

Əlaqəli Xəbərlər