"Şəmkir" PFL-ə müraciət ünvanladı
II Liqada mübarizə aparan “Şəmkir” klubu Peşəkar Futbol Liqasına müraciət edib.
Operativ Media xəbər verir ki, bölgə təmsilçisi dünən “Xankəndi” ilə baş tutmayan oyunla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bunlar qeyd edilib:
“Hörmətli, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, departament rəhbəri Elgiz Abbasov!
Futbol üzrə Azərbaycan II Liqası çərçivəsində keçirilməsi nəzərdə tutulan “Şəmkir” – “Xankəndi” oyununun baş tutmaması ilə bağlı baş vermiş vəziyyəti diqqətinizə çatdırmaq istəyirik ki, rəsmi təqvimə əsasən oyunun başlanma vaxtı saat 15:00 olaraq müəyyən edilmişdir. Meydan sahibi olan “Şəmkir”in futbolçuları və məşqçi heyəti bütün qaydalara uyğun şəkildə, vaxtında – saat 15:00-da meydançaya daxil olmuş və oyunun başlanmasını gözləmişdir. Buna baxmayaraq, rəqib komanda “Xankəndi” forma uyğunsuzluğu səbəbindən oyuna başlaya bilməmişdir. Şəmkir komandası idman etikası və qaydalar çərçivəsində 45 dəqiqə müddətində meydançada rəqibini gözləmişdir. Lakin problem aradan qaldırılmamışdır.
Daha sonra isə təxminən 1 saat 30 dəqiqə keçdikdən sonra qonaq komanda üzərində nömrələr olmayan formalarla meydana çıxmağa cəhd etmişdir. Həmin formaların “Barselona” klubunun dizaynına bənzər olduğu, lakin futbolçuların arxa hissəsində nömrələrin olmadığı qeyd olunmuşdur.
Məlum olduğu kimi, futbol qaydalarına və yarışın əsasnaməsinə əsasən hər bir futbolçunun formasının arxa hissəsində aydın görünən nömrə olmalıdır. Bu tələb oyun zamanı hakimlərin epizodları düzgün qeyd etməsi üçün zəruridir. Belə ki, vurulan qollar, göstərilən sarı və qırmızı vərəqələr, eləcə də digər oyun epizodları rəsmi protokolda məhz futbolçuların nömrələri ilə qeyd edilir. Bu səbəbdən nömrəsiz forma ilə oyuna çıxmaq futbol qaydalarına uyğun hesab edilə bilməz. Baş verən vəziyyət təəssüf ki, “Xankəndi” tərəfindən yarışın təşkilati qaydalarına lazımi səviyyədə əməl olunmadığını göstərir. Digər tərəfdən isə meydan sahibi olan “Şəmkir” oyuna tam hazır olduğu, bütün qaydalara əməl etdiyi və əsasnamənin tələblərini yerinə yetirdiyi açıq şəkildə görünür.
Bu baxımdan yaranmış vəziyyətə obyektiv və ədalətli hüquqi qiymətin verilməsini sizdən xahiş edirik. Əminik ki, Peşəkar Futbol Liqası Azərbaycan futbolunda qayda-qanunun və idman prinsiplərinin qorunması istiqamətində bu məsələyə də ədalətli yanaşacaqdır”.