İranın yeni ali lideri kimdir? - Müctəba Xameneinin dosyesi
Xəbər verdiyimiz kimi, İranın Ekspertlər Şurası bir neçə gün davam edən gərgin müzakirələrdən sonra ölkənin yeni Ali Liderinin adını açıqlayıb.
Operativ Media-nın məlumatına görə, 2026-cı il martın 8-də gecə saatlarında verilən rəsmi bəyanata əsasən, Əli Xameneinin oğlu Müctəba Xamenei İran İslam Respublikasının üçüncü Ali Rəhbəri seçilib.
Bəs, Müctəba Xamenei kimdir? Onun haqqında məlum olan əsas faktlar bunlardır:
Müctəba Xamenei 1969-cu il sentyabrın 8-də Məşhəd şəhərində anadan olub. Orta təhsilini tamamladıqdan sonra ilahiyyat elmlərini dərindən öyrənməyə başlayıb. Onun dini dünyagörüşünün formalaşmasında ilk müəllimləri qismində atası Əli Xamenei və Ayətullah Mahmud Haşimi Şahrudi kimi nüfuzlu simalar çıxış edib.
1999-cu ildə din xadimi kimi ixtisaslaşmaq məqsədilə İranın dini mərkəzi hesab olunan Qum şəhərinə yollanıb və təhsilini burada davam etdirib. Qumda olduğu müddətdə o, dövrün ən tanınmış müctəhidlərindən – Məhəmməd-Təqi Məsbah-Yəzdi, Ayətullah Lütfullah Safi Qolpayqani və Məhəmməd Baqir Xərazi kimi şəxslərdən dərs alaraq dini iyerarxiyada mövqeyini möhkəmləndirib.
Müctəba Xameneinin bioqrafiyasında hərbi təcrübə də mühüm yer tutur; o, 1987-1988-ci illərdə İran-İraq müharibəsində birbaşa iştirak edib. Lakin onun hərbi-siyasi gücü daha çox daxili nəzarət mexanizmləri ilə bağlıdır. Xüsusilə 2009-cu il seçkilərindən sonra başlayan kütləvi etirazları yatırmaq üçün tətbiq edilən və amansızlığı ilə seçilən "Bəsic" milislərinə məhz onun rəhbərlik etdiyi məlumdur.
Müctəba Xamenei uzun illər atasının varisi qismində ən iddialı namizəd hesab olunub və SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) rəhbərliyi ilə qurduğu isti münasibətlər ona sarsılmaz nüfuz qazandırıb.
Onun siyasi karyerasında Mahmud Əhmədinejad dövrü xüsusi mərhələdir. 2005 və 2009-cu il seçkilərində Əhmədinejadı fəal şəkildə dəstəkləyib. 2009-cu ildə islahatçı namizəd Mehdi Kərrubi açıq məktub yazaraq, Müctəbanı seçkiləri saxtalaşdıran gizli "şəbəkəyə" rəhbərlik etməkdə və qeyri-qanuni müdaxilələrdə ittiham etmişdi. Həmin dövrdə baş verən hökumət əleyhinə nümayişlərin ("Yaşıl hərəkat") repressiv yollarla boğulmasında əsas fiqur kimi çıxış edib.
Şəxsi həyatı
2004-cü ildə keçmiş parlament spikerinin qızı Zəhra Həddad-Adil ilə evlənib. Bu evlilikdən bir övladı var.