İran ABŞ hərbçilərini əsir götürdüyünü iddia edib
İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ Silahlı Qüvvələrinin bir neçə hərbçisinin əsir götürüldüyünü bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Laricani ABŞ-nin bu faktı ictimaiyyətdən gizlətməyə çalışdığını iddia edib.
“Mənə bir neçə amerikalı əsgərin əsir götürüldüyü barədə məruzə edilib. ABŞ hərbçilərin əsir düşməsi ilə bağlı həqiqəti gizlədə bilməyəcək”, – deyə o, bildirib.
Bununla belə, ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) İran rəsmisinin bu açıqlamasını dərhal təkzib edib. Komandanlığın nümayəndəsi Al Jazeera telekanalına açıqlamasında bu iddiaları kəskin tənqid edib.
“İran rejiminin amerikalı əsgərlərin əsir götürülməsi ilə bağlı bəyanatları onun yalan və məkrinin növbəti nümunəsidir”, – deyə CENTCOM nümayəndəsi bildirib.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Bu müddət ərzində İranın ən böyük şəhərləri, o cümlədən paytaxt Tehran ağır hava zərbələrinə məruz qalıb.