Menyu

ABŞ İrana xüsusi təyinatlı dəstə göndərə bilər

Operativ Media
ABŞ İrana xüsusi təyinatlı dəstə göndərə bilər

ABŞ və İsrail İrana məxsus zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün ölkə ərazisinə xüsusi təyinatlı dəstələrin göndərilməsi imkanını nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, bu addım mümkün hərbi əməliyyatın son mərhələlərində həyata keçirilə bilər və ABŞ administrasiyası üçün Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq istiqamətində əsas tədbirlərdən biri hesab olunur.

Hələlik əməliyyatın hansı tərəf tərəfindən həyata keçiriləcəyi və ya birgə keçirilib-keçirilməyəcəyi barədə məlumat yoxdur. Bildirilir ki, əməliyyat yalnız hər iki ölkə İran Silahlı Qüvvələrinin cəlb olunacaq bölmələr üçün ciddi təhlükə yaratmayacağına əmin olduqdan sonra reallaşa bilər.

Mənbələrin məlumatına görə, əsas hədəf 60 faizə qədər zənginləşdirilmiş 450 kiloqram urandır. Bu həcm kritik hesab olunur, çünki onu bir neçə həftə ərzində silah səviyyəsinə – 90 faizə çatdırmaq mümkündür. Ekspertlərin hesablamalarına görə, bu miqdar 11 nüvə başlığı hazırlamaq üçün kifayət edir. Hazırda kəşfiyyat məlumatlarına əsasən ehtiyatların böyük hissəsi İsfahan şəhərində yerləşən nüvə obyektinin yeraltı tunellərində, qalan hissəsi isə Fordo və Natanz obyektlərində saxlanılır.

Məlumata görə, Donald Tramp administrasiyasında iki ssenari müzakirə olunur: zənginləşdirilmiş uranın İrandan tam çıxarılması və ya cəlb olunmuş nüvə ekspertləri və yaxud Beynəlxalq Atom Enerjisi Agentliyi mütəxəssisləri tərəfindən yerində durulaşdırılması.

Tramp isə Air Force One təyyarəsinin göyərtəsində jurnalistlərə açıqlamasında quru əməliyyatı ehtimalını tam istisna etməyib, lakin bunun yalnız çox ciddi əsaslar olduqda mümkün ola biləcəyini bildirib. Ağ Ev rəsmiləri isə prezidentin bütün variantları nəzərdən keçirdiyini bildiriblər.

Mənbələrə görə, nüvə proqramı ilə paralel olaraq İranın xam neft ixracatının təxminən 90 faizinin həyata keçirildiyi Xarq adasındakı strateji neft terminalının ələ keçirilməsi ssenarisi də müzakirə olunur. Bununla belə, qeyd olunur ki, söhbət genişmiqyaslı işğaldan deyil, konkret tapşırıqların icrası üçün kiçik xüsusi təyinatlı qrupların nöqtə əməliyyatlarından gedir.

Daha əvvəl "The New York Times" qəzeti ABŞ kəşfiyyatındakı mənbələrə istinadən xəbər vermişdi ki, İran İsfahandakı nüvə obyektinin dağıntıları altında qalan yüksək zənginləşdirilmiş uran ehtiyatlarını dar tunel vasitəsilə əldə edə bilər.


Əlaqəli Xəbərlər