Deputat: Naxçıvan istiqamətində hücuma görə günahkarlar cəzalandırılmalıdır
“İran tərəfindən həyata keçirilən vasitələrlə Naxçıvan Muxtar Respublikası istiqamətində hücum edilməsi və mülki obyektlərin hədəfə alınması beynəlxalq hüquqa görə hərbi cinayət hesab olunur. Belə cinayətləri törədən şəxslər isə mütləq şəkildə məsuliyyətə cəlb edilməli və törətdikləri əməllərə görə cəzalandırılmalıdırlar”.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Hikmət Məmmədov deyib.
O bildirib ki, hazırda Azərbaycan tərəfi İran tərəfindən qısa müddətdə aydın və qaneedici izahat gözləyir:
“Lakin görünən odur ki, İran tərəfi məsuliyyətdən yayınmağa çalışır və baş verən hadisə ilə bağlı konkret mövqe ortaya qoymur.
Əslində bu ssenari bizə tanışdır. Bir neçə il əvvəl Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum zamanı da İran tərəfi ilkin mərhələdə məsuliyyətdən yayınmağa çalışmışdı. Lakin nəticə etibarilə Azərbaycan bütün diplomatik və hüquqi vasitələrdən istifadə edərək həmin cinayətkarın cəzalandırılmasına nail oldu.
Mövcud vəziyyətdə də eyni prinsip keçərlidir. Azərbaycanın ərazisinə hücum əmri verən və ya bu hadisədə iştirak edən şəxslər müəyyən edilməli və məsuliyyətə cəlb olunmalıdır.
Bu məsələ ilə bağlı İlham Əliyev də öz mövqeyini açıq şəkildə ifadə edib. Dövlət başçısı bildirib ki, baş verən hadisəyə hüquqi qiymət verilməli, ilk növbədə cinayətkarlar müəyyən edilərək cəzalandırılmalı və bu cür halların gələcəkdə təkrarlanmasına yol verilməməlidir.
Hazırda Azərbaycan tərəfi məsələnin həlli üçün gözləmə mövqeyindədir. Lakin məqbul nəticə əldə olunmazsa, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq adekvat cavab vermək hüququnu özündə saxlayır”.