AFFA Premyer Liqa klublarını cərimələdi
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXII turunun oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.
Operativ Media xəbər verir ki, qərarlara əsasən, “Kəpəz” – “Sumqayıt” oyununda hər iki komandanın azarkeşləri rəqibə qarşı kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdikləri üçün cərimələniblər. “Kəpəz” mövsümdə bu hal 5-ci dəfə təkrarladığından 8000 manat, 3-cü dəfə təkrarlayan “Sumqayıt” isə 7000 manat cərimə ödəyəcək. Həmin matçda “Sumqayıt”ın futbolçusu Nikola Ninkoviç qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb və klub 500 manat cərimələnib.
“Şamaxı” – “Neftçi” görüşündə “Neftçi” daha ciddi sanksiyalarla üzləşib. Komandada 5 futbolçu sarı vərəqə aldığı üçün klub 700 manat, məşqçi Dmitro Kara-Mustafa hakimin qərarına etiraza görə qırmızı vərəqə alaraq 2 oyunluq cəza və 5000 manat cərimə alıb. Həmçinin, “Neftçi” azarkeşlərinin stadionda 35 oturacağı sındırması nəticəsində dəymiş zərər klub tərəfindən qarşılanacaq.
Digər oyunlardakı cəzalar aşağıdakı kimidir:
“Turan Tovuz” – “İmişli”: “Turan Tovuz”da 4 futbolçu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
“Qarabağ” – “Sabah”: “Qarabağ”da 5 oyunçu sarı vərəqə aldığına görə 700 manat, azarkeşlərin kütləvi təhqiramiz ifadələrinə görə (mövsümdə 4-cü dəfə) isə 8000 manat cərimə olunub.