"Tottenhem" Çempionşipə düşərsə, 261 milyon funt sterlinq itirə bilər
İngiltərə Premyer Liqasının (APL) 2025/26 mövsümünün yekunlarına əsasən "Tottenhem" Çempionşipə düşəcəyi təqdirdə, təxminən 261 milyon funt-sterlinq gəlir itirə bilər.
Operativ Media xəbər verir ki, bu haqda "BBC Sports" məlumat yayıb.
Çempionatın 28 turundan sonra 29 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşan London klubu hazırda təhlükəli zonanı cəmi bir xal fərqi ilə tərk edir.
Mənbənin bildirdiyinə görə, klubun ümumi gəlirlərinin azalması televiziya hüquqları, sponsor müqavilələri və bilet satışından əldə olunan vəsaitlərin kəskin şəkildə düşməsi ilə bağlı olacaq. Hazırda Avropanın ən bahalı biletlərindən sayılan (orta hesabla bir oyun üçün 76 funt-sterlinq) biletlərin qiymətini ikinci divizion matçları üçün əhəmiyyətli dərəcədə azaltmaq lazım gələcək. Eyni zamanda, "Nike" və "AIA" ilə imzalanmış və illik təxminən 70 milyon funt-sterlinq gəlir gətirən sponsorluq müqavilələrində klubun elitadan kənarlaşacağı təqdirdə ödənişlərin azaldılmasını nəzərdə tutan bəndlər mövcuddur.
Martın 5-də "Şporlar" doğma meydanda "Kristal Pelas"a 1:3 hesabı ilə məğlub olublar və bu, onların çempionatda ardıcıl beşinci məğlubiyyəti kimi qeydə alınıb. Klubun qələbəsiz seriyası 11 oyuna çatıb ki, bu da 1935-ci ildən bəri qeydə alınan ən pis nəticədir.
"Tottenhem" növbəti matçını martın 15-də səfərdə "Liverpul"a qarşı keçirəcək.