Menyu

Hüquqşünas: Naxçıvana edilən hücumlar beynəlxalq hüququn pozulmasıdır

Şəfa Hüseynli
Hüquqşünas: Naxçıvana edilən hücumlar beynəlxalq hüququn pozulmasıdır

"Bu hadisəyə beynəlxalq hüquq prizmasından baxarkən məsələni yalnız bir hərbi insident kimi deyil, beynəlxalq hüququn əsas prinsiplərinin mümkün pozuntusu kimi qiymətləndirmək lazımdır. Çünki dövlətlərarası münasibətlərdə silahlı gücün tətbiqi ciddi şəkildə məhdudlaşdırılmış və müəyyən hüquqi çərçivəyə salınmışdır".

Bu sözləri Operativ Media-ya açıqlamasında hüquq üzrə fəlsəfə doktoru, dosent Əlövsət Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bu hal beynəlxalq hüquq baxımından başqa bir dövlətin ərazisinə qarşı silahlı güc tətbiqi kimi qiymətləndirilə bilər:

"Dronların istifadə edilməsi hüquqi baxımdan raket və ya digər hərbi vasitələrin istifadəsindən fərqləndirilmir. Yəni pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar da beynəlxalq hüquqda eyni qaydada silahlı güc tətbiqi aktı kimi qəbul olunur.

Belə bir hücumun hüquqi qiymətləndirilməsində mühüm məsələlərdən biri onun güc tətbiqi və ya silahlı hücum kimi xarakterizə edilməsidir. Beynəlxalq hüquq nəzəriyyəsində bu iki anlayış arasında müəyyən fərq mövcuddur. Bəzi hallarda kiçik miqyaslı sərhəd insidentləri “güc tətbiqi” kimi qiymətləndirilsə də, daha ciddi və nəticələri ağır olan hücumlar silahlı hücum kateqoriyasına daxil edilir. Bu fərq xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsi baxımından mühüm əhəmiyyət daşıyır.

BMT Nizamnaməsinin 51-ci maddəsinə görə bir dövlət silahlı hücuma məruz qaldıqda onun fərdi və ya kollektiv özünümüdafiə hüququ yaranır. Bu o deməkdir ki, Azərbaycan belə bir hücumun baş verdiyini sübut edərsə, beynəlxalq hüquq çərçivəsində öz təhlükəsizliyini qorumaq üçün müəyyən müdafiə tədbirləri görmək hüququna malik olur. Lakin bu hüquq tam sərbəst deyil və beynəlxalq hüquq iki əsas prinsip qoyur: zərurət və proporsionallıq. Müdafiə tədbirləri yalnız hücumu dayandırmaq üçün zəruri olmalı və görülən tədbirlər hücumun miqyasına uyğun həyata keçirilməlidir".

Əlaqəli Xəbərlər