Azərbaycan və ƏTİT arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə səfərdə olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) baş direktoru Berik Arın ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan ilə Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Nazir ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, Azərbaycanın ƏTİT ilə kənd təsərrüfatı sahəsində səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.
Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) Baş direktoru Berik Arın öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi proqramlar haqqında məlumat verib. O, Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini, aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edib.
Görüşdə Azərbaycanın ƏTİT-ə üzvlük prosesinin yaxın zamanda tamamlanması, təşkilata üzv ölkələr arasında kənd təsərrüfatı məhsulları ticarət dövriyyəsinin artırılması və ticarətin asanlaşdırılması, Azərbaycanın milli maraqlarına və kənd təsərrüfatı siyasəti prioritetlərinə uyğun beynəlxalq layihələrin həyata keçirilməsi, təşkilata üzv ölkələrin iş adamları arasında əlaqələrin genişləndirilməsi, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.