Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib - YENİLƏNİB
Özbəkistan və Türkiyə prezidentləri Şavkat Mirziyoyevlə Rəcəb Tayyib Ərdoğan ali səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasını keçiriblər.
Operativ Media xəbər verir ki, tərəflər müqəddəs Ramazan ayı və iki ölkə arasında əbədi dostluq və əməkdaşlıq müqaviləsinin 30 illiyi ərəfəsində keçirilən görüşün rəmzi əhəmiyyətini vurğulayıblar.
İclas zamanı siyasi dialoqun dinamik inkişafı və əsas beynəlxalq məsələlərdə mövqelərin yaxın olduğu qeyd edilib.
BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirmək barədə razılıq əldə olunub.
Tərəflər parlamentlərarası əlaqələrin, o cümlədən dostluq qrupları xətti üzrə təmasların fəallaşdığını, həmçinin aparıcı Türkiyə şirkətlərinin iştirakı ilə qarşılıqlı ticarətin, birgə müəssisələrin sayının və həyata keçirilən layihələrin davamlı artımını qeyd ediblər. Yaxın illərdə Preferensial Ticarət Sazişi çərçivəsində malların çeşidinin genişləndirilməsi hesabına ticarət dövriyyəsinin həcmini 5 milyard ABŞ dollarına çatdırmaq vəzifəsi qoyulub.
Regionlararası əməkdaşlığın yüksək potensialı qeyd edilib. Bildirilib ki, ilin sonunadək Özbəkistanın bütün vilayətlərinin nümayəndə heyətləri tərəfdaş regionlarla birgə layihələr portfelini formalaşdırmaq üçün Türkiyəyə səfər edəcəklər.
İclasın yekunlarına əsasən, iki ölkənin hökumətlərinə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə "yol xəritəsi"ni təsdiqləmək tapşırılıb.
Görüşün sonunda Mirziyoyev Ərdoğanı Özbəkistana səfərə dəvət edib.
16:28
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroat Mirziyoyevanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan qarşılayıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gəlib.
İki lider Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasını keçirəcək.
Görüşdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar ətraflı şəkildə qiymətləndiriləcək.