Yüksək temperatur batareyalı cihazlara necə təsir edir?
Yay mövsümündə havaların həddindən artıq isti keçməsi yalnız insanlar üçün deyil, gündəlik istifadə etdiyimiz elektron cihazlar üçün də risk yaradır. Xüsusilə avtomobildə unudulan mobil telefon, planşet, noutbuk, powerbank və digər batareyalı cihazlar yüksək temperaturun təsiri altında nasazlaşa, hətta yanğın təhlükəsi yarada bilər. Bəs isti havalarda bu cihazları avtomobildə saxlamaq hansı risklərə səbəb olur?
Mövzu ilə bağlı Operativ Media-ya təhlükəsizlik eksperti Samir Nəbiyev danışıb.
Ekspert bildirib ki, isti hava şəraitində nəqliyyat vasitələrində telefon, powerbank və digər batareya ilə işləyən portativ cihazların uzun müddət birbaşa günəş şüaları altında qalması təhlükə yarada bilər:
“Yüksək temperaturun təsiri nəticəsində batareya şişə, sıradan çıxa, hətta alışaraq partlayış və yanğına səbəb ola bilər.
Bu risklərin qarşısını almaq üçün batareyalı cihazlar avtomobildə birbaşa günəş şüalarının təsirinə məruz qalan yerlərdə saxlanılmamalıdır. Həmçinin yalnız təhlükəsizlik standartlarına cavab verən, keyfiyyətli və sertifikatlı məhsullardan istifadə edilməsi tövsiyə olunur”.
