Ataların uşaq tərbiyəsində rolunun artması niyə vacibdir? - TƏHLİL
Uşağın şəxsiyyət kimi formalaşması ailədə qurulan münasibətlər sistemi ilə sıx bağlıdır. Mütəxəssislər hesab edirlər ki, uşağın fiziki, psixoloji, emosional və sosial inkişafında hər iki valideynin fəal iştirakı sağlam inkişafın əsas şərtlərindən biridir. Son illərdə aparılan elmi tədqiqatlar göstərir ki, ataların tərbiyə prosesində aktiv iştirak etməsi uşaqlarda ünsiyyət bacarıqlarının, emosional dayanıqlığın, məsuliyyət hissinin və sosial adaptasiya qabiliyyətinin inkişafına müsbət təsir göstərir.
Qloballaşma, ailə modellərində baş verən dəyişikliklər və müasir həyat tərzi valideynlik məsuliyyətinin daha balanslı şəkildə bölüşdürülməsini zəruri edir. Bu baxımdan, atanın rolu yalnız ailənin maddi təminatı ilə məhdudlaşmır, eyni zamanda övladın mənəvi dəyərlərinin, davranış modelinin və şəxsiyyətinin formalaşmasında mühüm amil kimi qiymətləndirilir.
Bəs ataların uşaq tərbiyəsində rolunun artması niyə vacib hesab olunur və bunun uşağın inkişafı ilə yanaşı, ailə və cəmiyyət üçün hansı müsbət nəticələri var?
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Operativ Media-ya bildirib ki, uşağın sağlam şəxsiyyət kimi formalaşmasında atanın rolu əvəzolunmazdır və bu məsələ cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, ata övladı üçün təkcə ailə başçısı deyil, həm də nümunə, yaxın dost və etibarlı dayaqdır. Məhz buna görə də ataların tərbiyə prosesində fəal iştirakı daim təşviq edilməlidir:
“Ataların uşaq tərbiyəsində rolunun artırılması üçün geniş maarifləndirmə işləri aparılmalıdır. Bu məqsədlə televiziya proqramları, sosial layihələr, maarifləndirici materiallar və sənədli filmlər hazırlanmalı, müxtəlif platformalarda ictimai müzakirələr təşkil olunmalıdır.
Valideynlərin övlad tərbiyəsi ilə bağlı məsuliyyətinin gücləndirilməsi qanunvericilik müstəvisində də diqqətdə saxlanılmalıdır. Deputatın fikrincə, mövcud hüquqi mexanizmlər olsa da, valideyn məsuliyyətinin artırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədəuyğun olardı.
Ailədaxili tərbiyənin gücləndirilməsi uşaqların mənəvi, psixoloji və sosial inkişafına müsbət təsir göstərir. Xüsusilə oğlan uşaqlarının tərbiyəsində atanın rolu mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, atanın ailədə fəal iştirakı övladın sağlam psixoloji mühitdə böyüməsinə, məsuliyyətli və cəmiyyətə faydalı fərd kimi formalaşmasına ciddi töhfə verir”.
Psixoloq Leyla Əlinin sözlərinə görə, ata yalnız ailənin maddi təminatçısı deyil, həm də uşağın emosional, sosial və psixoloji inkişafında mühüm rol oynayan şəxsdir:
“Uşaq üçün atanın sevgisi, diqqəti və dəstəyi onun özünə inamının, təhlükəsizlik hissinin və şəxsiyyətinin formalaşmasına birbaşa təsir edir. Araşdırmalar göstərir ki, atası ilə sağlam münasibət quran uşaqlar daha yüksək özünəinam nümayiş etdirir, problemləri həll etmək bacarıqları daha güclü olur və sosial münasibətlərdə daha uğurlu olurlar.
Atanın uşağın gündəlik həyatında fəal iştirakı – birlikdə oyun oynamaq, söhbət etmək, dərsləri ilə maraqlanmaq, hisslərini dinləmək və keyfiyyətli vaxt keçirmək – uşağın emosional inkişafını gücləndirir. Bu münasibət uşağın streslə mübarizə bacarıqlarının formalaşmasına və özünü rahat ifadə etməsinə də kömək edir.
Əksinə, ata ilə emosional bağın zəif olması və ya atanın tərbiyə prosesində passiv qalması bəzi uşaqlarda özünəinamın aşağı olmasına, davranış problemlərinə, aqressivliyə, qaydalara əməl etməkdə çətinliyə, diqqət problemlərinə və emosiyalarını idarə etməkdə çətinliklərə səbəb ola bilər. Bəzi uşaqlar isə özlərini dəyərsiz hiss edə, münasibətlərdə güvən problemi yaşaya və gələcəkdə sağlam ünsiyyət qurmaqda çətinlik çəkə bilərlər. Bu problemlər təkcə atanın iştirakı ilə izah olunmur, lakin onun aktiv və dəstəkləyici rolu uşağın sağlam inkişafını gücləndirən mühüm amillərdən biridir.
Unutmayaq ki, uşaq tərbiyəsi yalnız ananın məsuliyyəti deyil. Ana və atanın birlikdə göstərdiyi sevgi, diqqət və ardıcıl yanaşma uşağın psixoloji sağlamlığı üçün ən güclü dəstəkdir. Uşaqlar valideynlərinin dediklərindən çox, onların davranışlarını örnək götürürlər. Buna görə də, atanın sevgisi, qayğısı və fəal iştirakı uşağın gələcəyinə qoyulan ən dəyərli sərmayələrdən biridir”.
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə qeyd edib ki, atanın uşaq tərbiyəsində və təlim prosesində aktiv iştirakı, sadəcə anaya kömək etmək deyil, uşağın gələcək uğurlarını və həyat müvəffəqiyyətini şərtləndirən ən fundamental amillərdən biridir:
“Peşəkar pedaqoji və psixoloji nöqteyi-nəzərdən yanaşdıqda, atası ilə sağlam və sıx ünsiyyətdə olan uşaqların akademik göstəriciləri əhəmiyyətli dərəcədə yüksək olur. Valideyn və xüsusilə ata faktoru təhsil prosesinə cəlb olunduqda, uşaqlarda analitik düşüncə, fərqli perspektivlərdən məsələlərə yanaşma və mürəkkəb riyazi-məntiqi problemləri həll etmə bacarığı daha sürətlə inkişaf edir.
Bu dəstək uşağın məktəbə qarşı pozitiv münasibət bəsləməsinə, dərslərə daha məsuliyyətlə yanaşmasına və idrak fəallığının artmasına birbaşa təsir göstərir. Akademik uğurlarla yanaşı, intizamın formalaşması və sosial adaptasiya prosesində də atanın rolu əvəzolunmazdır. Atalar ailədə uşağa sosial sərhədləri, qaydalara riayət etməyin vacibliyini, xüsusilə imtina və təsdiqin real mənasını daha qətiyyətli şəkildə aşılamaq qabiliyyətinə malikdirlər. Atasından özünəinam, güvən və mənəvi dayaq alan uşaqlar gələcəkdə emosional cəhətdən daha sabit, böhran və stress anlarında isə daha dözümlü olurlar.
Fiziki fəaliyyətlər və idman vasitəsilə atalar uşaqlara sağlam risk etməyi, qorxuların üzərinə getməyi və özünəinamı öyrədir ki, bu da yeniyetməlik dövründə zərərli vərdişlərdən və hüquqpozma hallarından uzaq durmaqda ən güclü təsirə çevrilir. Müasir dünyada ataların rolunun artması həm də sağlam cəmiyyət modelinin qurulması üçün vacibdir.
Ana sevgisi uşaqda şəfqət və qayğı hissini formalaşdırırsa, ata sevgisi güvən və mühafizə hissini təmin edir və bu iki emosional tələbat bir-birini tamamlayır, lakin əvəz edə bilməz. Tərbiyə məsuliyyətinin bərabər bölünməsi ailədəki psixoloji gərginliyi və valideyn tükənməsini azaldır, uşağa hər iki gender davranış modelini düzgün mənimsəməyə imkan verir.
Bu gün atası tərəfindən dəstəklənən qız uşaqları gələcəkdə öz hüquqlarını qoruyan fərdlər, oğlan uşaqları isə məsuliyyətli ailə başçıları olaraq yetişirlər. Odur ki, atanın rolunu sadəcə maddi təminatla məhdudlaşdırmayıb, onu prosesin tam mərkəzinə gətirmək gələcək nəsillərin psixoloji sağlamlığı üçün mütləqdir”.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqaməti üzrə hazırlanıb.