Menyu

Yol-nəqliyyat hadisəsi zamanı təqsir hansı meyarlar əsasında müəyyən edilir?

Ayşən Sadıxzadə
Yol-nəqliyyat hadisəsi zamanı təqsir hansı meyarlar əsasında müəyyən edilir?

Yol-nəqliyyat hadisəsi baş verdikdə ən vacib məsələlərdən biri qəzada təqsirin kimdə olduğunun müəyyən edilməsidir. Lakin bu, yalnız hadisənin görünən mənzərəsinə əsasən deyil, yol hərəkəti qaydalarına riayət olunması, hadisə yerində toplanan sübutlar, şahid ifadələri, videomüşahidə görüntüləri və ekspertiza rəyləri əsasında kompleks şəkildə araşdırılır.

Bəs yol-nəqliyyat hadisəsi zamanı təqsir hansı meyarlar əsasında müəyyən edilir və yekun qərar necə verilir?

Mövzu ilə bağlı Operativ Media-ya nəqliyyat eksperti Elməddin Muradlı danışıb.

O bildirib ki, yol-nəqliyyat hadisələrində təqsirin müəyyənləşdirilməsi mövcud qanunvericiliyin tələbləri əsasında həyata keçirilir. Hadisə yalnız maddi zərərlə nəticələnibsə, araşdırmanı yol-patrul xidməti əməkdaşları aparır. Xəsarət alan və ya həyatını itirən şəxs olduqda isə cinayət işi başlanılır və araşdırmanı müstəntiqlər həyata keçirir:

“Son illər videomüşahidə sistemlərinin genişlənməsi qəzalarda təqsirin müəyyən edilməsini xeyli asanlaşdırıb. Kamera görüntüləri və digər sübutlar hadisənin obyektiv qiymətləndirilməsində mühüm rol oynayır. Bununla yanaşı, hadisə yerindən sürücünün qaçdığı və ya qəzanın qeyri-aşkar şəraitdə baş verdiyi hallarda araşdırma daha çətin olur.

Dünyanın bir çox ölkəsində müasir kriminalistik texnologiyalar hadisə yerində qalan ən kiçik detal vasitəsilə belə qəzanı törədən avtomobili müəyyən etməyə imkan verir. Onun fikrincə, Azərbaycanda bu sahədə imkanlar hələ tam tətbiq olunmur”.

Mütəxəssis eyni zamanda bəzi avtotexniki və məhkəmə ekspertizalarının fəaliyyətini də tənqid edib. O hesab edir ki, bəzi hallarda hadisə yerinə baxış keçirilmədən və kifayət qədər araşdırma aparılmadan verilən ekspert rəyləri məhkəmə qərarlarına təsir göstərir və bu, insanların taleyinə mənfi təsir edə bilir. Buna görə də ekspert məhkəmə ekspertizası sistemində islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Vəkil Turan Abdullazadə bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı təqsirin müəyyən edilməsi əsasən hadisənin baş vermə şəraiti, tərəflərin hərəkətləri və yol hərəkəti qaydalarının pozulub-pozulmaması əsasında aparılır. Təqsirin müəyyənləşdirilməsi üçün hadisə iştirakçılarının izahatları, hadisə yeri sxemi, maddi sübutlar və digər başqa sübutlar qiymətləndirilir:

“Cinayət və ya inzibati məsuliyyət məsələlərində isə təqsirin sübut olunması və qiymətləndirilməsi yalnız mötəbər sübutlara əsaslanır. Təcrübədə, hadisənin baş vermə şəraiti, yol hərəkəti qaydalarının pozulması faktı, tərəflərin izahatları və digər sübutlar təqsirin müəyyən edilməsində əsas rol oynayır. Daha konkret ifadə etsək aşağıdakı meyarlar əsas götürülür: 

1)Qaydaların pozulması faktı— sürücünün Yol Hərəkəti Qaydalarının konkret hansı bəndini pozduğu müəyyənləşdirilir (sürət həddi, təhlükəsizlik zolağı, işıq siqnalı, yol nişanları və s.).

2) Səbəbli əlaqə (kauzallıq) — yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına və ya ölümünə səbəb olmasına görə məsuliyyət nəzərdə tutulur — yəni pozuntu ilə nəticə arasında birbaşa əlaqə olmalıdır.

3) Nəticənin ağırlıq dərəcəsi — az ağır/ağır sağlamlıq zərəri və ya ən ağırlaşdırıcı halda ölüm — məsuliyyətin dərəcəsini müəyyən edir.

4) Təqsirin forması — bu cinayətlər əsasən ehtiyatsızlıqla (özünəinam və ya diqqətsizlik üzündən) törədilir, qəsdən deyil.

5) cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan şəxs ola bilər.

Əgər yalnız yüngül zərər və ya maddi ziyan dəyibsə, cinayət yox, mülki və ya inzibati məsuliyyət yaranır.

Prosessual cəhətdən təqsirin müəyyən edilmə üsulları aşağıdakılardır: 

1) Hadisə yerinin baxışı və protokolu

2) Avtotexniki ekspertiza — sürət, əyləc məsafəsi, texniki nasazlıq, sürücünün hadisəni qabaqcadan görə bilib-bilməməsi, hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmaması

3) Tibbi-məhkəmə ekspertizası (sağlamlığa dəymiş zərərin ağırlığı)

4) Şahid ifadələri, video müşahidə (mövcuddursa)

5) Sürücülərin ifadələri və hadisənin rekonstruksiyası”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər