Səyahət zamanı ən təhlükəsiz nəqliyyat növü hansıdır?
Nərmin Qocamanlı
Bildiyimiz kimi qarşıdan Novruz bayramı gəlir. Bayramda əzizlərini ziyarət etmək üçün bir çoxumuz paytaxtdan kənar rayonlara üz tuturuq. Bu zaman hər kəsin arzusu gedəcəyi ünvana rahat və təhlükəsiz şəkildə çatmaqdır.
Bəs səyahət zamanı ən təhlükəsiz nəqliyyat növü hansıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov öz fikirlərini Operativ Media ilə bölüşüb.
Onun fikrincə qatarlar ən təhlükəsiz nəqliyyat vasitələridir:
"Qatarlarla hərəkət həmişə təhlükəsiz nəqliyyat növü kimi qəbul edilir. Qatarın bir neçə özəl xüsusiyyəti var ki, onlardan biri insanların komfortlu şəkildə səyahət etməsidir. Bu cəhət qatarları daha cəlbedici edir. Digər bir mühüm xüsusiyyət isə qatarların əsas üstünlüyü olan rahatlıqdır.
Qatarların digər üstünlüyü isə onların vaxt cəhətdən effektiv olmasıdır. Sərnişinlər dəqiq olaraq hansı vaxtda təyinat yerinə çatacaqlarını bilirlər. Üstəlik qatarlar tıxacların olduğu dövrlərdə əvəzedilməz və təhlükəsiz bir nəqliyyat vasitəsidir.
Ölkədə qatarlarda təhlükəsizlik tədbirlərinin necə həyata keçirildiyi barədə Azərbaycan Dəmir Yolları (ADY) ilə əlaqə saxladıq. ADY-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Dəmir Yolları sərnişinlərin rahat və təhlükəsiz səyahət etməsini təmin etmək üçün daim səylə çalışır. Bütün vağzal, stansiya və dayanacaqlarda polis əməkdaşları ilə yanaşı, ADY-nin mühafizə xidmətinin əməkdaşları da ictimai asayişin qorunmasına cavabdehdir. Həmçinin, bu yerlərdə 24/7 rejimində videokamera vasitəsilə müşahidələr aparılır.