ƏDV ilə bağlı bəzi tələblər ləğv edilib
Mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməyəcək.
Operativ Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na etdiyi dəyişiklikdə öz əksini tapıb.
Azərbaycan ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan qəbzdə, çekdə, elektron qaimə-fakturada ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməyəcək. Həmin məhsulların alıcıların qəbzdə, çekdə, elektron qaimə-fakturada göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürmələri tələbi də aradan qaldırılıb.