Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin olunub
Xəbər verildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam etdirilib.
Operativ Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
Məhkəmənin növbəti iclası fevralın 20-nə təyin olunub.
Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyəti, onlara istinad edilən əməllərin hüquqi tövsifi və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzaların izah olunması, irəli sürülmüş ittihamlar üzrə özlərini təqsirli bilib-bilməmələrinə dair sualların aydınlaşdırılması ilə davam etdiriləcək.