Deputata məxsus olduğu deyilən şirkət yenidən cərimələnib
Nərmin Qocamanlı
"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş QSC ilə bağlı müraciətə baxılıb.
Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulmasına görə fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, əczaçılıq fəaliyyəti göstərən "Avromed Company" QSC 2002-ci ildə yaradılıb. 2003–2010-cu illərdə "Avromed"ə deputat Cavanşir Feyziyev rəhbərlik edib. Buna baxmayaraq, mediada gedən məlumatlara görə, şirkətin sahibi hələ də Cavanşir Feyziyevdir.
Onu da bildirək ki, sözügedən şirkət daha əvvəl eyni və digər xətaya görə bir neçə dəfə cərimələnib.