Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir
Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2024/2025-cI tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir.
Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, akademiyada “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.
Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş təlim qurğuları, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinələri kursantların istifadəsindədir.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyanın məzunları seçdikləri ixtisasa uyğun “bakalavr” ali peşə-ixtisas dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilməklə, Fövqəladə Hallar Nazirliyinin qurumlarında müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbula namizədlər boyu 170 santimetrdən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 2024-cü il sentyabrın 15-dək 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 2024-cü il sentyabrın 15-dək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.
Qəbul imtahanı test üsulu ilə birinci mərhələdə buraxılış imtahanları fənləri üzrə, ikinci mərhələdə isə I ixtisas qrupunun fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.
Sənədlər martın 1-dən aprelin 15-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8) qəbul edilir.
Abituriyentlər (012) 512-41-61; (012) 512-41-20 nömrəli telefonlara və ya “WhatsApp” nömrələrinin birinə ad, soyad, ata adı, təvəllüd və telefon nömrəsini bildirməklə dəvət olunacağı gün və saat barədə məlumat əldə edə bilərlər.
Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasına əlavə təhsilin “Təkrar ali təhsili” növü üzrə sənəd qəbulu prosesinə start veriləcək. Müraciət etmək istəyənlər Elm və Təhsil Nazirliyinin müvafiq elanından sonra portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.
Daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin (www.fhn.gov.az) və Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) rəsmi internet saytlarından əldə etmək olar.