Vergi məcəlləsinə ediləcək dəyişiklik qiymətləri artıracaqmı?
Vergi məcəlləsində növbəti ildə dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi artıq Milli Məclisə təqdim olunub və bu barədə müzakirələr gedir. Müzakirələrə əsasən, vergi ödəyicisi güzəştin tətbiqi məqsədilə şərtlərə cavab vermədikdə mikrosahibkarlıq subyekti digər kateqoriyalara keçirilir. Yeni kateqoriyaya keçid baş verdiyi təqdirdə həmin şəxsin ödədiyi vergi həcmi də dəyişmiş olur.
Mövzu ilə bağlı "Operativ Media"ya açıqlama verən iqtisadçı ekspert Elmir Səfərli məcəlləyə edilən dəyişikliyi şərh edib:
"Artıq mikrosahibkarlar gələn il gəlirlərinin 5 faizi qədər deyil, 20 faizi qədər vergi ödəyəcəklər. Bu günə kimi ödədikləri 5 faiz vergi gəlirlərinin 75 faizi azad olmaqla yerdə qalan məbləğin 20 faizi şəklində ödənilirdi. Artıq yeni qanuna əsasən onlar 75 faizli güzəştdən azad olunma tətbiq edilmədən birbaşa 20 faiz vergi ödəyəcəklər".
Ekspertin sözlərinə görə, vergi məcəlləsinə ediləcək dəyişiklik mikrosahibkarlığa təsir edəcək:
"Çünki birmənalı şəkildə kiçik sahibkarlıqla məşğul olan şəxslərin gəlirlərinin həcmi kiçik olduğu üçün verilən 20 faiz vergi onlara birbaşa təsir göstərəcək. Düşünürəm ki, Milli Məclisdə bu qərarı müzakirə edərkən mikrosahibkarlara dəyəcək riskləri və onların fəaliyyətini də nəzərə alırlar. Ondan sonra növbəti ildə onlara hər halda müəyyən güzəştlər tətbiq oluna bilər. Çünki bu güzəştlər tətbiq olunmazsa, onların gəlirlərinin artıq demək olar ki 5-də biri artıq vergi kimi ödəniləcək. Digər məcburi ödənişləri də nəzərə alsaq, artıq sahibkarların gəlirləri də azalmış olacaq. Sahibkar da avtomatik olaraq buradan itirdiyi pulu göstərdiyi xidmətin, satdığı malın üstünə gələcək. Bu da birbaşa olaraq qiymət artımına təsir edəcək".