Türkiyə S-400-lərin Körfəz ölkələrinə satılması xəbərlərini təkzib edib
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Həsən Yalçın Rusiyadan alınan S-400 zenit-raket sistemlərinin üçüncü bir ölkəyə satılması və bunun qarşılığında Ankaranın ABŞ-ın F-35 qırıcı proqramına qayıdacağı barədə iddiaları təkzib edib.
Operativ Media xəbər verir ki, "Habertürk" televiziyasına danışan siyasətçi S-400 məsələsinin F-35 problemi ilə tamamilə əlaqəsiz olduğunu bildirib və hazırda bu mövzunu müzakirə etməyi "ağılsız rəftar" adlandırıb.
O əlavə edib ki, gələcəkdə belə bir satış gündəmə gələrsə, yalnız Rusiya və alıcı ölkə ilə danışıqlar aparıla bilər.
Qeyd edək ki, bundan əvvəl hökumətyönlü "Hürriyet" qəzeti S-400-lərin Fars körfəzi ölkələrindən birinə (ehtimal ki, BƏƏ və ya Qətərə) satıldığını iddia etmişdi. Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollara S-400 sistemləri aldıqdan sonra ABŞ tərəfindən F-35 proqramından kənarlaşdırılıb. Rəsmi Ankara hələlik satışla bağlı iddiaları rəsmən təsdiqləməyib.