Ev bitkiləri havanı həqiqətən təmizləyirmi?
Ev bitkilərinin havanı effektiv şəkildə təmizlədiyi fikri NASA-nın 1989-cu ildə apardığı məşhur araşdırmadan bəri mövcuddur.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, həmin təcrübələr zamanı hermetik kameralardakı bəzi bitkilərin benzol və formaldehid kimi zərərli maddələrin səviyyəsini azaltdığı aşkar edilsə də, bu nəticələri adi məişət şəraitinə tətbiq etmək tam doğru deyil.
Çünki tədqiqatların əksəriyyəti kiçik və qapalı mühitlərdə aparılıb, real həyatda isə otaqdakı hava pəncərələr və ventilyasiya vasitəsilə daim mübadilə olunur.
2019-cu ildə aparılan bir araşdırmaya görə, sadə bir ventilyasiya sisteminin verdiyi effekti bitkilərlə əldə etmək üçün kvadratmetrə onlarla, hətta yüzlərlə bitki lazım ola bilər.
Otaqdakı hava statik olmadığına görə onun təmizlənməsi üçün peşəkar filtrlərdən istifadə etmək daha məqsədəuyğundur. Bu, ilkin tədqiqatların səhv olduğu deyil, sadəcə qapalı mühit fizikasının gündəlik şəraitdən fərqli olması deməkdir.
Hava keyfiyyətini yaxşılaşdırmaq üçün ən vacib addımlar çirklənmə mənbəyini azaltmaq, ventilyasiyanı gücləndirmək və HEPA filtri kimi müasir təmizləyicilərdən istifadə etməkdir.
Bununla belə, ev bitkiləri tamamilə faydasız deyil; onlar məkanda rahatlıq yaradır, estetik gözəllik qatır və insanların mənəvi rifahını yüksəldir. Odur ki, bitkiləri evinizdə saxlamağa davam edin, lakin onlara ciddi hava təmizləmə vasitəsi kimi deyil, daha çox zehni rahatlıq mənbəyi kimi yanaşın.