Menyu

Tbilisi prospektində yol hərəkətinin təşkili təkmilləşdirilib

Operativ Media
Tbilisi prospektində yol hərəkətinin təşkili təkmilləşdirilib
Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihənin əsas hissəsi yekunlaşıb.

Operativ Media xəbər verir ki, layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

Bildirilib ki, layihənin məqsədi yol hərəkətinin təhlükəsizliyini artırmaq, nəqliyyat axınının fasiləsizliyini təmin etmək və şəhər mobilliyini daha səmərəli təşkil etməkdir.

Layihə çərçivəsində sola dönən nəqliyyat vasitələri üçün hər iki istiqamətdə axından ayrılmış xüsusi zolaqlar yaradılıb.

Bunun sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılır, düzünə hərəkət edən nəqliyyat vasitələrinin isə maneəsiz hərəkəti təmin olunur.

Həmçinin Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq nizamlanmayan hərəkət ləğv edilib. Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ərazidə yeni işıqforlar quraşdırılıb.

Piyadaların təhlükəsizliyi üçün nizamlanan piyada keçidləri təşkil olunub, əlilliyi olan şəxslərin rahat hərəkəti üçün isə panduslar inşa edilib.

Layihəyə əsasən, Tbilisi prospektində Ə.Salamzadə küçəsi istiqamətində avtobus zolağı da təşkil olunub.

Qeyd olunub ki, layihənin icrası nəticəsində yolun buraxıcılıq qabiliyyəti artırılıb, ictimai nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib, piyadaların təhlükəsizliyi və əlçatanlıq səviyyəsi yüksəldilib.

Hazırda layihənin tam yekunlaşdırılması istiqamətində yol nişanlarının quraşdırılması, səkilərin və pandusların təşkili işləri davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər