Dəniz mənzərəli ev alanlar problemlə üzləşməmək üçün nəyə diqqət etməlidir? - VİDEO
Mənzil bazarında mənzərəli ev adı ilə təqdim olunan daşınmaz əmlaklar, çox vaxt alıcılar üçün gözlənilməz maliyyə tələsinə çevrilir. Şəhərsalma dinamikasının sürətlənməsi və binalararası məsafə normalarının pozulması, mənzərə üçün əlavə vəsait ödəyən vətəndaşların bir neçə ildən sonra daş divarla üz-üzə qalmasına səbəb olur. Bu tendensiya təkcə sakinlərin rahatlığını pozmur, həm də mənzillərin bazar dəyərini kəskin şəkildə aşağı salır.
Məsələ ilə bağlı “Xəzər Xəbər”ə danışan əmlak eksperti Firdovsi Xəlilov bildirir ki, burada məsələ yalnız bir tikinti şirkətindən yox, ümumilikdə şəhərsalma problemlərindən qaynaqlanır:
"Çünki şəhərin memarlıq kompozisiyası və yaşayış balansı qorunmalıdır. Problem təkcə dəniz mənzərəsi ilə də məhdudlaşmır. Elə binalar var ki, sonradan o qədər sıx tikinti aparılır ki, mənzilin park görüntüsü yox olur, hətta evə günəş işığı belə düşmür. Bu isə həm şəhərsalma qaydalarının pozulması, həm də istehlakçı hüquqlarının ciddi şəkildə zədələnməsi deməkdir.
Bəzi ərazilərdə vətəndaşın mənzərəyə aldanma riski daha yüksəkdir. Bu risk əsasən ərazinin relyefi, gələcək tikinti ehtimalı və binanın mərtəbəsindən asılıdır. Xüsusilə yeni inkişaf edən və tikinti potensialı yüksək olan ərazilərdə risk daha böyük sayılır. Əgər ərazi dənizə nisbətən uzaqdırsa və ətrafda hələ aktiv tikinti aparılmırsa, bu gələcəkdə qarşı tərəfdə yeni binaların inşa ediləcəyi ehtimalını artırır".
Ekspertin sözlərinə görə, məsələn, 8-ci mərtəbədən alınan mənzilin mənzərəsinin bağlanma ehtimalı 14-cü mərtəbə ilə müqayisədə daha yüksəkdir.
Vəkil Tural Şahbazov isə məsələnin hüquqi tərəfinin müqavilə ilə tənzimləndiyini deyir:
"Əgər mənzil alarkən müqavilədə “dəniz mənzərəli” bəndi qeyd olunubsa və sonradan həmin görüntü başqa tikili ilə bağlanıbsa, vətəndaş məhkəməyə müraciət edərək dəymiş zərərin ödənilməsini tələb edə bilər. Çünki mənzərə faktoruna görə əlavə ödəniş edilən mənzilin sonradan dəyərinin düşməsi artıq maddi zərər hesab olunur. Bu zaman qiymətləndirmə aparılır və mənzilin nə qədər dəyər itirdiyi rəsmi rəylə müəyyən edilir”.
Qısası, vətəndaşlar mənzil alarkən yalnız mənzərəyə deyil, həmin mənzərənin hüquqi təminatına da diqqət yetirməlidirlər. Əks halda illərlə dənizə baxacağını düşündüyü pəncərənin qarşısında bir gün sadəcə başqa binanın fasadını görə bilər".