Tütün məmulatları hansı xəstəliklərə yol açır? - Həkim danışır
Müasir dövrdə tütün məmulatlarının istifadəsi insan sağlamlığı üçün ciddi təhdid yaratmağa davam edir. Bir çoxları qəlyanı siqaretdən daha zərərsiz hesab etsə də, mütəxəssislər hər iki vərdişin ağciyərlərdə və ürək-damar sistemində bərpası mümkün olmayan fəsadlar törətdiyini bildirirlər.
Mövzu ilə bağlı Operativ Media-ya terapevt-hepatoloq Sevinc Abasova danışıb.
Onun sözlərinə görə, həm siqaret, həm də qəlyan insan sağlamlığı üçün çox zərərlidir:
"Siqaret xüsusilə uzun illər, məsələn, 15-20 il və ya daha artıq müddətdə istifadə edən insanlarda ağciyər xərçəngi riskini ciddi şəkildə artırır. Bundan əlavə, xroniki obstruktiv ağciyər xəstəliyi, yəni XOAX yaranır və bu xəstəliyin əsas səbəblərindən biri məhz siqaretdir. XOAX zamanla insanın tənəffüs imkanlarını zəiflədir və onu əlilliyə qədər aparıb çıxara bilir.
Qəlyan qədim dövrlərdən istifadə olunsa da, indi müxtəlif aromatlar və ətirlər əlavə olunaraq daha cəlbedici hala gətirilir. Amma qəlyanda da tüstü ağciyərlərə daxil olur və bu baxımdan o da zərərlidir. Sadəcə, ümumi qiymətləndirməyə görə siqaret qəlyandan daha təhlükəli hesab olunur.
Burada əsas məsələ istifadə tezliyi və müddətidir. İnsan nə qədər çox və nə qədər uzun müddət istifadə edirsə, sağlamlıq riski də bir o qədər artır. Xüsusilə davamlı istifadə edən insanlarda ağciyərlərdə problemlərin yaranması qaçılmaz olur. Yenə qeyd edim ki, uzunmüddətli siqaret istifadəsi ən çox XOAX xəstəliyinə səbəb olur və bu xəstəlik insanı ciddi şəkildə zəiflədir.
Bundan başqa, həm siqaret, həm də qəlyan ürək-damar sisteminə mənfi təsir göstərir. Qan dövranını pozur, beyinə gedən oksigenin azalmasına səbəb olur və nəticədə orqanizmdə müxtəlif problemlər yarana bilir”.