Dövlət Sərhəd Xidməti Akademiyasının 15 illik yubiley buraxılışı keçirilib
May ayının 8-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Dövlət Sərhəd Xidməti Akademiyasının 15 illik yubiley buraxılışı keçirilmişdir.
DSX-dən Operativ Media-ya verilən məlumata görə, gənc zabitlər Fəxri xiyabanda Dahi Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmiş, məzarı önünə güllər düzmüşlər.
Dövlət Bayrağı Meydanında Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxışlarda Ümummilli Liderin Dövlət Sərhəd Xidmətinin yaradılmasında, formalaşdırılmasında və inkişafında misilsiz xidmətləri xüsusi vurğulanmış, onun uzaqgörən siyasəti nəticəsində dövlət sərhədlərimizin mühafizəsinin müstəqil dövlətçiliyimizin əsas atributlarından birinə çevrildiyi, bu strateji kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, tariximizin ən böyük sərkərdəsi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd olunmuşdur.
Bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin Akademiyasının buraxılış mərasimlərinin varlığımızın qürur mənbəyi olan Dövlət Bayrağımızın dalğalandığı bu meydanda keçirilməsi təsadüfi deyil. Döyüş salnaməmizin tarixi rəmzi olan müqəddəs Zəfər bayrağımız Azərbaycan xalqının əsrlər boyu formalaşmış qəhrəmanlıq ənənələrinin, yenilməz iradəsinin parlaq təcəssümüdür.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxışı zamanı dövlətinə, Azərbaycan Respublikasının Prezidentinə və xalqın milli maraqlarına sadiq, yüksək peşəkarlığa malik sərhədçi zabitlərin hazırlanmasında mühüm əhəmiyyət kəsb edən Dövlət Sərhəd Xidməti Akademiyasının fəaliyyətini xüsusi vurğulamış, 15 il müddətində əldə olunmuş uğurlara toxunmuşdur.
Bu gün regionun nüfuzlu xüsusi təyinatlı təhsil müəssisələrindən və beynəlxalq sərhədçi kadr hazırlığı mərkəzlərindən birinə çevrilən, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhədçilik ənənələri əsasında fəaliyyət göstərən DSX Akademiyasında təhsil alan kursantlara müasir hərbi biliklərlə yanaşı, vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik, yüksək zabit etikası aşılandığı, onların fiziki və mənəvi hazırlığının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi xüsusi vurğulanmışdır.
Bu il Akademiyanı bitirmiş kursantlardan 3 nəfər təhsilini qırmızı diplomla başa vurmuş, həmçinin Tacikistan Respublikasının sərhəd xidmətinin müraciəti əsasında 5 illik zabit hazırlığını uğurla tamamlayan 6 xarici kursant məzun olmuşdur.
Çıxışlardan sonra məzunlara diplomlar təqdim olunmuş, gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul etmişlər.
Zabit andını qəbul etmiş heyətin Vətənimiz Azərbaycanın təhlükəsizliyinin keşiyində dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi işini şərəf və ləyaqətlə yerinə yetirəcəklərinə əminlik ifadə olunmuşdur.
Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi gənc zabitləri təbrik etmiş, onların valideynləri ilə görüşərək Vətənə bağlı, milli-mənəvi dəyərlərə sadiq, layiqli və vətənpərvər övladlar yetişdirdiklərinə görə dərin minnətdarlığını bildirmişdir.