WUF13 çərçivəsində təhlükəsizliyin təminatı üçün operativ reaksiya mexanizmləri hazırlanıb
Operativ Media
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) zamanı yarana biləcək təhlükələrin qarşısının alınması və operativ idarə olunması məqsədilə müvafiq reaksiya mexanizmləri hazırlanıb.
Operativ Media xəbər verir ki, bu barədə WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev məlumat verib.
O bildirib ki, tədbir çərçivəsində daxili koordinasiya məsələləri və digər dövlət qurumları ilə birgə fəaliyyətin təşkili xüsusi diqqət mərkəzində saxlanılır. N.Piriyevin sözlərinə görə, bu prosesə həm hüquq-mühafizə orqanlarının, həm də digər aidiyyəti dövlət strukturlarının nümayəndələri cəlb olunacaq.
“Əsas məqsəd təhlükəsizlik, hüquqi nəzarət və ümumi əməliyyatların vahid koordinasiya mexanizmi üzrə həyata keçirilməsidir. Bu istiqamətdə müxtəlif qurumların əməkdaşları xüsusi hazırlıq prosesindən keçəcək və fəaliyyətlər əlaqələndirilmiş şəkildə təşkil olunacaq. Təhlükələrə qarşı operativ reaksiya mexanizmləri hazırlanıb və bu yanaşma həm təşkilati, həm də icra səviyyəsində təmin ediləcək”, - deyə o qeyd edib.
Bildirilib ki, WUF13 yüksək səviyyəli beynəlxalq iştirakla keçirilir və bir sıra nüfuzlu təşkilatların nümayəndələrinin tədbirdə iştirakı gözlənilir: “Bu səbəbdən onların təhlükəsiz daşınması və hərəkətinin təşkili xüsusi nəzarət altında həyata keçiriləcək”.